Tacikistanda uşaqlara məscidə getmək qadağandır

Şəklin mənbəyi, BBC World Service
Tacikistan Prezidenti Emomali Raxmon yetkinlik yaşına çatmayanların məscidlərə getməsini qadağan edən qanun layihəsini imzalayıb.
"Valideynlərin uşaqların tərbiyəsi və təhsilinə cavabdehliyi" haqqında qanun valideynlərin öhdəliklərini təsvir edir. Əsas öhdəliklər uşaqların "humanizm, vətənpərvərlik ruhunda böyüdülməsi və milli və ümumbəşəri dəyərlərin" onlara təlqin edilməsidir.
Qanunda həmçinin qeyd olunur ki, valideynlər uşaqlarının dini birləşmələrdə iştirakına imkan verməməlidir. Ancaq bu halda, dini təhsil ocaqlarında rəsmi təhsil istisna olunur.
Keçmiş sovet respublikası Tacikistanda əsas din İslamdır. ABŞ səfirliyinin hesabatına görə, ölkədə əhalinin 90 faizi müsəlmandır.
Məscid və kilsələrə girişin qadağan oluması siyasi və dini xadimlərin, eləcə də adi vətəndaşların müxtəlif reaksiyasına səbəb olub.
"Azadlığın məhdudlaşdırılması"
İctimai müzakirələr zamanı İslam partiyasının siyasi şurası qanun layihəsinin Tacikistan konstitusiyasının bir çox maddələrinə və ölkənin götürdüyü öhdəliklərə zidd olduğunu və vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırdığını bildirib.
Müxalif sosial-demokrat partiyasının lideri Rahmatulla Zairov bəyan edib ki, qanun hüquqi baxımdan savadsız tərtib olunub. "O, yalnız ölkə konstitusiyası və ailə hüquqlarında nəzərdə tutulmuş bəzi maddələri təkrarlamır, həm də onlardan bəzilərini pozur".
Ölkənin tanınmış İslam xadimi, keçmiş müxalfət lideri Hacı Əkbər Turajonzadə prezidentin yetkinlik yaşına çatmayanların məscidə getməsini qadağan edən qanunu müqəddəs Ramazan ayında imzalamasından ikiqat təəssüf hissi keçirdiyini deyib.
Kommunist partiyasının lideri Şoddi Şabdolov isə qanun layihəsini dəstəkləyib. Onun fikrincə, ölkədə dini xadimlərin böyüməkdə olan təzyiqi gündən günə artır.
"Heç İslam ölkələrində tələbələr dərslərdən çıxıb məscidlərə getmirlər, bizdə isə şagirdlər məktəbdəki dərslərini qoyub məscidlərə qaçırlar. Hökumət buna reaksiya verməlidir" - deyib cənab Şabdolov.
Prezidentin təşəbbüsü
Qanun layihəsi təklifini Prezident Emomali Raxmonun özü irəli sürüb və sənəd ötən iin dekabr ayında ictimaiyyətin müzakirəsinə verilib.
Müşahidəçilər qeyd edir ki, bu təşəbbüs tacik hakimiyyətinin radikal islamçılığın artan təsirindən narahatlığını və dövlətin dünyəvi quruluşunu qorumaq istəyini əks etdirir.
Bu ilin fevralında hakimiyyət məktəblərdə "İslamın əsasları" məcburi fənninin tədrisini ləğv edib. Həmin vaxt artıq bir il yarım idi ki, məktəblərdə bu fənn keçilirdi.
























