Mətbuat icmalı: Manatın riski “qar topu" kimi böyüyür

Çap edildi

"Azərbaycan": Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri İtaliyada beynəlxalq kursda iştirak edirlər

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri avqustun 22-dən 26-dək İtaliyanın Latina şəhərində keçirilən NATO-nun üzv və tərəfdaş ölkələrinin qərargah zabitləri üçün “Qüvvələrin hərəkətinin və açılmasının idarəedilməsi sistemi” (ADAMS) üzrə kursda iştirak edirlər.

"Xalq qəzeti": Ekologiya və Təbii Sərvətlər Nazirliyi Girdiman çayında monitorinq aparır

Son günlər İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyunun rənginin və dadının dəyişməsi yerli əhalidə narahatlıq yaradıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti və İsmayıllı Regional ekologiya şöbəsinin əməkdaşları bir neçə gün ərzində İsmayıllı və Ağsu rayonlarının ərazisindən keçən Girdiman çayında həm vizual, həm də analitik təhlil məqsədilə monitorinqlər aparıblar.

Həmin ərazilərdən su nümunələri götürülüb və analiz aparılması üçün Mərkəzi Laboratoriyaya təhvil verilib. Departamentin direktor müavini Mətanət Avazova APA-ya açıqlamasına deyib:

"Biz yalnız ekoloji qiymətləndirmə məqsədi ilə həmin ərazilərdə monitorinqlər keçirmişik. Metodikadan asılı olaraq elə analizlər var ki, onların son nəticələri 5-7 gün ərzində məlum olur. Girdiman çayı ilə bağlı analizin nəticələri hazır olanda bununla bağlı ətraflı açıqlama veriləcək”.

"Yeni Müsavat": Saakaşvili: "Azərbaycan bizi qabaqladı"

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz Feysbuk səhifəsində yazıb ki, Ukraynanın idman naziri istefaya getməlidir.

O bildirib ki, Ukrayna idmançılarının bu il Rio Olimpiadasında göstərdikləri nəticə bərbad vəziyyətdədir.

“Bizi Azərbaycan, Qazaxıstan, Macarıstan, Kuba, Keniya, Yamayka və digər ölkələr qabaqladılar. Bir çox ölkələr ərazisinə və potensialına görə Ukraynadan geri qalırlar. Ukraynadan 10 dəfə kiçik olan Gürcüstanın belə medal sayı bizimlə eynidir. Ən gülməlisi isə odur ki, bizim nəticələrimiz Ukraynanın böyük idman potensialını zərrəcə əks etdirmir,” qubernator yazıb.

Ukrayna Rio Olimpiadasında 11 medal qazanaraq medal ayına görə 31-ci yeri tutub. Bu, ölkənin son 20 ildə ən zəif göstəricisi sayılır.

"Azadlıq": "Bloomberg": Manatın riski “qar topu” kimi böyüyür

Bu il manat dünyada dollar qarşısında ən çox dəyər itirən ikinci valyuta olub.

“Bloomberg News” yazır ki, “2015-ci ildə iki devalvasiya ilə kəskin ucuzlaşan Azərbaycan manatı, ötən həftə dollar qarşısında ən çox dəyər itirən pul vahidi olub. Banklar cümə və şənbə günləri ya dollar satışını dayandırıb, ya da 100 ilə 500 dollar arası miqdarlar ilə məhdudlaşdırıb”. Bu barədə “Marja” xəbər veirib.

Banklar tərəfindən tətbiq edilən məhdudiyyətlər “qara bazarı” çiçəkləndirib. Dollar/manat kursunun 1,62 olmasına baxmayaraq, “Nərimanov” metro stansiyasındakı “treyderlər”in 1 dolları 1,7 manata satdığı bildirilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sözçüsü Rüfət Abbasov "Bloomberg" müsahibə verərək bildirib ki, valyuta satışının bankların qərarıdır və palata buna müdaxilə edə bilmir.

"Manatdan qaçış, Azərbaycan xalqının inamının azalmasının bir nəticəsidir. “Qar topu” kimi böyüyən risk, banklar üzərindəki təzyiqi artırır. S&P məlumatlarına görə, dollar əmanətlər cəmi əmanətlərin 80%-i səviyyəsindədir.

2015-ci ildə düşən neft qiymətlərinə paralel olaraq valyuta ehtiyatları “əriyib”, iqtisadiyyatı böyük həcmdə neft və qaz ticarətinə bağlı Azərbaycanın pul vahidi 2016-da 7 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə birlikdə manat, Tacikistan somonisindən sonra ən pis performans göstərən ikinci pul vahidi olub," "Bloomberg"in xəbərində qeyd edilir.

"Azadlıq": Faiq Əmirlini “Gülenin imamı” elan edərək 3 ay həbs cəzasına məhkum ediblər

Hakim “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qərarı çıxarıb.

Faiq Əmirliyə şübhəli şəxs qismində tanındığı CM-nin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələrlə ittiham irəli sürülüb.

Məhkəmədə Faiq Əmirli və vəkili Aqil Layıcov ittihamların əsassız, absurd və gülməli olduğunu bildiriblər.

Vəkil Aqil Layıcov məhkəmədən sonra jurnalistlərə açıqlama verərək qərarın sifarişli olduğunu və ondan apellyasiya şikayəti veriləcəyini deyib.

“Çox təəssüf ki, möcüzə baş vermədi. ...Faiq Əmirlini ”Hizmet” hərəkatının imamı” kimi təqdim edirlər, guya, bu adamın moizələri var və moizələrinin videoları müxtəlif saytlarda gedib. Biz soruşduq ki, hansı saytlarda gedib? Cavab verə bilmədilər. Guya, Faiq Əmirli moizələr oxuyub, bu moizələr də iğtişaşlara səbəb olub, dini nifrət doğurub, bunu da publik şəkildə edib. Bu publik şəkildə etməklə digər şəxslərin qarşısında üstünlük qazanmaq istəyib. Eyni zamanda, “Hizmət hərəkatı” ilə sıx bağlılığı olub. Yəni, ittihamın məğzi bundan ibarətdir. Həbs qərarı qanunsuz və tam əsassızdır, siyasi sifarişlə verilib. Təbii ki, apellyasiya şikayəti verəcəyik. Əgər yerli məhkəmələrdə Faiq Əmirlinin pozulmuş azadlıq hüququ bərpa edilməsə, Avropa Insan Hüquqları Məhkəməsinə qədər gedib, şikayətimizi çatdıracağıq.

...Faiq Əmirli elə şeydə günahlandırılır ki, mənim həqiqi gülməyim tutur. Indiyədək heç bir məhkəmə, istintaq mənə bu qədər gülünc gəlməyib. Bu yapılan iftiranın ifrat dərəcəsinə varmaq deməkdir. Bu, necə imamdır ki, özünün bundan xəbəri yoxdur,” vəkil Aqil Layıcov deyib.

Vəkil həmçinin Faiq Əmirlinin avtomobilindən tapıldığı iddia olunan Fətullah Gülənlə bağlı kitabların məhkəmədə nümayiş etdirilmədiyini də deyib:

“Biz tələb etdik. Dedilər ekspertizaya təqdim edilib. Amma ekspertizaya təqdim edilmə qərarı olsaydı, bu qərarla biz də tanış olmalıydıq. Belə qərar isə yoxdur. Görünür ”tapdıqları” kitabların gülüş doğuracağından çəkinirlər, ona görə də məhkəmə qarşısına çıxarmırlar. Ola bilsin, sabah kitabları başqası ilə əvəz edəcəklər”.