Azərbaycanlı turistlər Türkiyəyə getməyə qorxurmu?

Şəklin mənbəyi, Isgender Genberov
İlin əvvəlindən bəri Türkiyənin müxtəlif bölgələrində silahlı və bombalı hücumların baş verməsi, hər il çox sayda xarici vətəndaşın üz tutduğu bu ölkənin turizm sahəsinə necə təsir edib.
Bundan başqa ötən il Rusiya və Türkiyə arasında münasibətlər Türkiyənin Rusiyaya məxsus döyüş təyyarəsini vurmasına görə kəskin pisləşmişdi və hər il Türkiyəyə gedən rusiyalı turistlərin sayı böyük sayda azalmışdı.
Bu həftə Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın Vladimir Putinə göndərdiyi üzrxahlıq məktubundan və iki lider arasında telefon danışığından sonra, Rusiyanın öz turizm şirkətlərinə Türkiyə səfərlərinə görə qoyduğu sanksiyalar qaldırılır.
Ancaq çərşənbə günü İstanbulun beynəlxalq Atatürk hava limanında atəş və bomba hücumu nəticəsində 41 nəfərin ölümü, 239 insanın yaralanması ilə nəticələnən hücumdan sonra bu ölkəyə gedən turistlərin sayının daha da azalacağı proqnozlaşdırılır.
Bəz azərbaycanlılar necə? Türkiyədə törədilən silsilə hücumlar onların bu ölkəyə səfərlərinə təsir edəcəkmi?
Azərbaycanda fəaliyyət göstərən turizm agentlikləri bildirir ki, bu il Türkiyəyə getmək istəyən yerli turistlərin sayı azalıb.
Qorxu yoxdur
BBC Azərbaycancaya danışan və bu il Türkiyədə istirahət etməyi planlaşdıran azərbaycanlı turistlər təhlükəsizlik məsələlərinə görə "çox narahat olmadıqlarını" bildiriblər.

Ankara Universitetinin doktorantı Vurğun Həsənli Türkiyəyə istirahətə getməyə davam edəcəyini deyir. O deyir ki, "terror qismətində varsa vuracaq".
"Terror dövlətlərin oyunudur. Qorxsan da, qorxmasan da həyatımızın bir parçasıdır", Vurğun bildirir.
İşlə bağlı ildə üç-dörd dəfə Türkiyəyə getdiyini deyən Vurğun əlavə edir ki, partlayışlarla bağlı təhlükəsizliyindən "qətiyyən" narahatlığı yoxdur.
"Onda gərək çölə çıxmayaq", o deyir.
İstanbulun mərkəzi hissələrindən sayılan Beyazitdə baş verən partlayışdan bir neçə gün sonra da şəhərdə olduğunu qeyd edən Vurğun məhz partlayış olan yerdə də iftar etdiyini bildirir.
Müsahibimiz Türkiyəyə növbəti səfəri sentyabrda planlaşdırıb.
"Ölüm qorxusunu 2011-ci ildə Tokyoda yaşadığım vaxt baş verən sunami hadisəsində dəfn etdim. Olacaqsa da olacaq. Ölümdən qaçış yoxdu", o vurğulayır.
Qiymətlərə gəlincə Vurğun deyir ki, fərq "dəhşətli dərəcədə" hiss olunmur. Uzun müddət xaricdə oxuyan və yaşayan Vurğun türkiyəliləri "turizm ustası" adlandırır.
"Turizmdə əsas yeməkdi, gəzməkdi və xidmətdi və üçünün də vəhdəti Türkiyədədir. Bəzi ölkələrdə yemək və xidmət yaxşıdır, amma gəziləcək yer yoxdur. Bəzilərində isə gəzməyə yer, yaxşı yeməklər var, amma xidmət yoxdur. Türklərdə hamısı var," deyən müsahibimiz Türkiyənin dünyanın ən ucuz turizm ölkəsi hesab olunduğunu deyir.
Vurğun düşünür ki, bomba partlayışları təsirsiz qalmasa da turistlər yenə də bu ölkəyə gələcək.
"Türkiyə üzərində 5 böyük imperiya hökm sürüb. Ona görə nə qədər abidə, görməli maraqlı yer istəyirsənsə, hər şəhərində, hər bucağında tapmaq mümkündür. Ona görə, düşünmədən hər dəfə Türkiyəyə gedə bilərəm," Vurğun deyir və o, digər insanlara Türkiyəyə səyahət etməyi tövsiyyə etdiyini əlavə edir.
Çox insan olduğu yerdən qaçmaq

Şəklin mənbəyi, Isgender Genberov
Türkiyəyə ilk dəfə gedəcəyini deyən Amil Əsədov Antalya-Alanyaya səfər edəcək. O, 8 gün, 7 gecə üçün 5 ulduzlu oteldə hər şey daxil 410 dollar ödəniş edib.
Adil deyir ki, səfəri Türkiyənin mərkəz hissələrinə olsaydı imtina edərdi, ancaq getdiyi yer turizm zonası olduğu üçün heç bir narahatlıq duymur.
Müsahibimiz onu da qeyd edir ki, Türkiyənin mərkəzi hissələrinə getməli olsa, qorunmaq üçün insanların toplaşdığı yerdən "qaçar".
"Bombanı harda çoxluq, sıxlıq var orda, bir də kürdlərə yaxın hissələrdə partladırlar," deyə Amil fikrini izah edir.
Yaxşı gündə, yaman gündə
Azərbaycanlı turist kimi istirahət üçün Türkiyəni seçən Teymur Hacıyev də partlayış məsələsindən qorxmadığını deyir.
"Biz qorxsaq, bu işləri törədənlər məqsədlərinə çatmış olacaqlar. Düşünürəm ki, yaxşı gündə də, yaman gündə də qardaşlarımızın yanında olmalıyıq", o qeyd edir.
İstanbulda Beyazitdeki partlayışdan sonra ölkəyə səfər edən Teymur “Türkiyə yenə də bir turizm cənnətidir" deyir.
"Bütün otellər yüksək səviyyədə xidmət göstərir. Avropanın müxtəlif ölkələrindən turistlər gəlib. Əsasən də Almaniya və digər şimali Avropa ölkələrindən. Burda gözə dəyməyən ancaq rus turistlərdir," müsahibimiz bildirir.
Onun sözlərinə görə, turistlər arasında gözə dəyən tək-tük rusiyalılar öz ölkələrində tur paket ala bilmədiklərini, bunun üçün də digər ölkələrdən bunu etdiklərini qeyd edir.
Boş sahillər

Şəklin mənbəyi, Isgender Genberov
İstirahətə Antalyaya gedən İsgəndər Qənbərov isə deyir ki, istirahət etdiyi məkanda adamların sayı çox azdır.
O, turistlərin böyük əksəriyyətinin Ukraynadan gəldiklərini bildirir. İsgəndərin sözlərinə görə, turistlər arasında Estoniya , Almaniya , Litva, Qazaxıstan, Turkmənistan kimi ölkələrdən gələnlər var. "Amma azərbaycanlılar azdır", o əlavə edir.
İsgəndər vurğulayır ki, qaldığı oteldə çalışanlar hər il bura gələnlərin 90-95 faizinin rusiyalılar olduğunu bildiriblər.
İşçilər Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi səbəbindən indi Rusiyadan gələn turistlərin az olduğunu deyiblər.
Uzun illərdir Antalyada yaşayan azərbaycanlı Cahan Əliyeva bu turistik bölgədə turistlərin az olduğunu qeyd edir.
"Antalyada otellər, çimərlik sahilləri bomboş qalıb. Sahillərdə sadəcə yerli əhali və az-çox avropalı turistlər olur", o təsvir edir.
Cahan xanım son 15 ildə belə bir vəziyyəti müşahidə etmədiyini deyir.
"Əgər əvvəlki illər Antalya səmasında hər beş deqiqədən bir onlarla təyyarə görünürdüsə, bu il gün ərzində 10-15 təyyarə ancaq görə bilərsən. Antalya hava limanı şəhərin ən izdihamlı yeri olurdu, indi sakitlikdir", o izah edir.
Turistlərin azlığı

Şəklin mənbəyi, Goktay Koraltan
Danışdığımız turizm agentlikləri də bu il Türkiyəyə getmək istəyən azərbaycanlıların sayının az olduğunu bildirirlər. Onlar qiymətlərdə gözəçarpan fərq olmasa da, İstanbul otellərinin müəyyən endirimlər etdiyini qeyd edirlər.
Turan Travelin sözçüsü turist sayında azalma müşahidə etdiyini və azərbaycanlıların əsasən, dənizkənarı bölgələrə səfər etmək istədiyini deyir.
Baki turizm agentliyindən isə BBC Azərbaycanca bildirirlər ki, müraciət edən vətəndaşlar Türkiyədəki partlayışlardan sonra təhlükəsizliklə maraqlanmağa başlayıblar.
Agentlik onu da əlavə edir ki, ötən illərə nisbətdə onlara müraciət edənlərin sayı azalmayıb.
VİP tour və Bestravel agentlikləri də turist sayında azalmadan bəhs edirlər. Onların bildirdiyinə görə, bilet alanlar əsasən Egey dənizi sahillərinə və Antalyaya getməyi üstün tuturlar.
İstanbula getmək istəyən isə demək olar ki, yoxdur.
Bu il Türkiyəyə nə qədər azərbaycanlının səfər etməsi ilə bağlı dəqiq rəqəm yoxdur.
Dövlət Statistika Komitəsi hələ də 2015-ci ilin turist sayı ilə bağlı rəqəmləri açıqlamayıb. Mədəniyyət və Turizm Nazirliyi də sayla bağlı hər hansı məlumat vermir.























