Mətbuat icmalı: "Devalvasiya olmasa ərzaq məhsulları bahalaşacaq”

Çap edildi

“Эхо”: Ekspert: “Əgər Milli valyutanın növbəti devalvasiyası baş verməsə ilin sonuna qədər Azərbaycanda bütün ərzaq məhsulları 15%-dək bahalaşacaq”

Davamlı İnkişaf tədqiqat mərkəzinin rəhbəri Nəriman Ağayev echo.az saytına bildirib ki, qiymətlərin dəyişməsinə mövsüm də təsir edir.

“Pərakəndə ticarətlə məşğul olanlar deyirlər ki, bir sıra qida məhsullarını qiyməti 5% artıb. Yumurta və kartofun bahalaşması bunun əyani sübutudur. İstehsalçılardan Teksun, Azersun, Milla və başqaları öz məhsullarının qiymətini artıracaq”, deyə ekspert bildirib. O həmçinin deyib ki, son 7 ildə hökumətin öz üzərinə götürdüyü “Əhalinin qida məhsulları ilə davamlı təmin edilməsi” proqramının həyata keçirilməsi lazım olan nəticəni verməyib, hərçənd müsbət tendensiya da müşahidə edilir. Ekspertin sözlərinə görə təkcə çörəyin qiyməti stabil qalacaq. “İstərdik ki, hökumət inflyasiyanın səviyyəsini nəzərə alaraq maaşların həcminə də diqqət yetirsin".

Qəzet xatırladır ki, avqustda 30 əsas ərzaq məhsulu üzrə istehlak zənbilinin orta dəyəri 2.5% artıb. Mayda 3.6, iyun və iyul aylarında 0.1% qiymət artımı qeydə alınıb.

Keçən ay ərzində pomidorun 60, kartofun 33.3, şəkər tozunun 26, baş soğanın 25, qarğıdalı yağının 18,3, 1-ci növ unun 18,2, kərə yağının 12,8, yumurtanınsa 9% bahalaşdığı qeyd olunur.

“Azadlıq”: Maliyyə naziri «qara pulların» iqtisadiyyata yönəldiləcəyinə inanmır

Hökumət nümayəndələri maliyyə amnistiyasının tətbiqini Azərbaycanda real saymır, Azadlıq qəzeti yazır.

Maliyyə aministiayası dünya ölkələrinin bəzilərində adətən iqtisadiyyatın maliyyə çatışmazlığı ilə üzləşdiyi dövrlərdə atdığı addımdır. Prosesin mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlardan əldə etdikləri gəlirin mənbəyini soruşmur. Dövlətlərin bu vasitəyə əl atmaqda məqsədi öz vətəndaşlarının xaricdə, ofşor zonalarda olan kapitalını ölkəyə gətirməsinə, ölkədə olan pulun isə xaricə çıxarılmasının qarşısını almağa nail olmaqdır.

Amma maliyyə naziri Samir Şərifov bu təcrübənin ölkəmizdə işləyəcəyinə şübhə ilə yanaşır. O inanmır ki, Azərbaycanda kimsə öz qeyri-leqal pullarını göstərsin. Maliyyə naziri deyib ki, Azərbaycan bir il bundan əvvəl çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair beynəlxaq konvensiyaya qoşulub və onun tələblərinə uyğun olaraq öz üzərinə bir çox öhdəliklər götürüb. “Konvensiyada müəyyən olunmuş müddəaları aşan şəxslər və ya təşkilatlara qarşı Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidməti sanksiyalar tətbiq edir.”

Qəzet azərbaycanlı oliqarxların öz vəsaitlərini açıqlamaqdan, xaricdəki kapitallarını ölkəyə gətirməkdən yayınmasının səbəblərini araşdırıb.

“İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, amnistiyanın şərtləri dəqiq və şəffaf olmasa, həmin siyasəti həyata keçirmək mümkün olmayacaq. Ona görə, ilk olaraq onun zərurəti, hədəfləri və nəticələrini ölçə bilən mexanizm hazırlanamalıdır.

İqtisadçı Qadir Ibrahimli də hesab edir ki, Azərbaycanda hazırkı şərtlər çərçivəsində maliyyə amnistiyası mümkün deyil və problemlərin həlli üçün maliyyə amnistiyasına deyil, kapitalın sərbəst hərəkətinə və təhlükəsizliyinə zəmanət verilməlidir.

“Azadlıq”: Məmmədyarov Panamada nələrdən danışdı?

“Elmar Məmmədyarovun bu ölkəyə səfərinin səbəbləri bəlli olmasa da, Panamanın ofşor zona olması haqlı olaraq bəzi mülahizələrə səbəb olub", - Azadlıq qəzeti yazır. "

"Qəzet olaraq son sayımızda bu məsələyə toxunaraq qeyd etmişdik ki, Elmar Məmmədyarovun səfərinin kökündə məhz hakimiyyət təmsilçilərinin burada ciddi maliyyə vəsaitlərinin olması dayanır."

Səfər çərçivəsində Məmmədyarov Panamanın vitse-prezidenti və xarici işlər naziri xanım Isabel de Sant Malo de Alvarado ilə görüşüb.

Ölkəsində əlverişli investisiya mühitinin yaradıldığını deyən Panamnın xarici işlər naziri Isabel de Sant Malo de Alvarado Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu vurğulayıb.

Görüşün sonunda Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi və Panama Xarici Işlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalanıb, qəzet yazır.

“Azərbaycan”: Milli Məclisdə 2016-cı il Dövlət büdcəsi haqqında qanun müzakirə edilib

Oktyabrın 7-də Milli Məclisdə Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iştirakı ilə “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi keçirildi.

İclasda maliyyə naziri Samir Şərifov qeyd etdi ki, dünyadakı qeyri-iqtisadi şərait nəzərə alınaraq alternativ büdcə variantları hazırlanıb:

“Bununla belə, növbəti il üçün pessimist və optimist variantlar da mövcuddur. Bunun üçün də alternativ büdcə sistemi hazırlanıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsi əsasən neftdən gələn gəlirdən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ondan aşağı olarsa, yaxud, 60 dollar və yuxarı olarsa, ona uyğun büdcə sistemi işə düşəcək. Hələ ki, növbəti il üçün hazırlanan büdcədə neftin qiymətinin 1 bareli 50 dollar olaraq götürülübdür. Alternativ büdcə sisteminin hazırlanması ölkəmizə dünya iqtisadiyyatında baş verəcək hər hansı proseslərə çevik reaksiya verməyə imkan yaradacaq”.

Sonda “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.