İnternet istifadəçiləri Yunus işinə görə ikiyə bölünüb

Bir sıra azərbaycanlı Facebook istifadəçisi insan haqları fəalı Leyla Yunusa qarşı çıxarılmış uzun həbs qərarını pisləyiblər. Bəzi istifadəçilər hətta çağırış edərək, “oyanmaq vaxtıdır” deyə, insanları küçələrə səsləyiblər.
Bir çoxu isə məhkəmə qərarına haqq qazandırıb, bəziləri isə hökmü hökumətin “böyük yaxşılığı” adlandırıb. Ümumilikdə isə bu məsələyə sosial mediada elə də geniş münasibət göstərilməyib.
Avqustun 13-də indi fəaliyyətdə olmayan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa səkkiz il yarım iş kəsilib. Onun əri Arif isə saxtakarlıq və vergidən yayınma ittihamları ilə yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Onlar 2014-cü ilin iyul ayından həbsdə saxlanılırlar. Ciddi sağlıq problemləri olan cütlüyün məhkəməsi iyulun 27-də başlayıb.
Onları vətənə xəyanət ittihamı da gözləyir. Cütlük ittihamları siyasi motivli hesab edir.
Qınaq
Müxalifət partiyası olan AXCP sədri Əli Kərimli Facebookda yazıb: “Məhkəmə şousu başa çatdı… Hökm həyata keçirildi. Onların hər iksinin ciddi xəstə olduqlarını nəzrə alsaq, bu qərar ölüm hökmü və ya ömürlük həbs cəzası kimi qiymətləndirilə bilər”.
“Xəstə qadından qorxan rejim uzun yaşamayacaq,” Baxtiyar İmanov Kərimlinin postuna şərh yazıb.

Şəklin mənbəyi, BBC World Service
“Onlar bizə demək istəyir ki, bu, onlara qarşı çıxmanın sonudur… Lakin bu bizi qorxutmamalıdır. Əksinə, biz daha cəsarətli olmalıyıq,” Rahib Quliyev adlı istifadəçi yazıb.
“Bu hökumət o qədər ədalətsizlik edib ki, bu cür əldəqayırma… qərarlar onlar üçün adi hala çevrilib,” Ceyhun Zakiroqlu adlı istifadəçi bildirib.
Tagi Memmedov adlı istifadəçi isə yazıb ki, hazırki hökumət keçmiş Liviya lideri Muammar Gaddafi-dən“dərs götürməlidir”.
Vusal Jamalov yazıb: “Artıq yetər. Oyanmaq vaxtıdır”.
“Hökumət dəyişməzsə, bu ölkə inkişaf etməyəcək,” Cavid Huseynzada yazıb.
Rəğbət
“Belə ermənipərəst satqınlar üçün səkkiz illik cəza yumuşaqdır,” Zumrud Abbas adlı Facebook istifadəçisi yazıb.
Kamal Aliyev isə deyir: “Onlara 100 il iş kəsilməli idi”.
Fuad Darbazov isə belə şərh edib: “Bu erməni ailəsinin həbsinə çox sevindim, onlar üçün səkkiz il azdır”.
“O, [Leyla Yunus] deyir ki, söyüş söyəndə azərbaycan dilində danışır. Ömürlük həbs cəzası bu cür satqınlar üçün azdır,” Vasif Uluturk yazır.
Zamin Abbasov deyir: “Avropa Şurasına və onun fikirlərinə lənət olsun! Belə satqınlara lənət olsun… Azərbaycan hökuməti hələ onlara yaxşılıq edib”.
“Çox gözəl, satqınların sonu belə olmalıdır,” Etiram Elizade yazıb.
Avropa Şurası da daxil olmaqla bir çox beynəlxalq təşkilatlar qərarı pisləyib.
Britaniya və ABŞ bəyanatlarla çıxış edərək hökmü tənqid edib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacızadə məhkəmə qərarına və ölkədəki “ədliyyə sisteminin müstəqilliyinə” “hörmət” tələb edib, 1news.az saytı və APA xəbər agentliyi yazır.























