Azərbaycanda ehtiyatda olan hərbçilər ilk dəfə hərbi təlim keçir

Şəklin mənbəyi, modgovaz
Azərbaycanın hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində keçirdiyi irimiqyaslı təlimlər zamanı Milli Ordunun üç əsgəri yaralanıb və vəziyyətləri "kafidir", Müdafiə Nazirliyi açıqlayıb.
Bəhram Həşimli, Orxan Məmmədov və Rəhimağa Ağalarzadə qumbara ilə ehtiyatsız davranma nəticəsində yaralanıb və onlar Gəncə qarnizon hospitalına yerləşdirilib.
Cəbhə bölgəsində keçirilən bu təlimlərin digərlərindən əsas fərqi odur ki, bu dəfə xidmətdə olan əsgərlərlə yanaşı, ehtiyatda olan hərbi vəzifəlilər də məşqlərə çağrılıb.
Müdafiə Nazirliyi açıqlamasında qeyd edib ki, Nazir Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərdə 3000-dən çox ehtiyatda olan hərbi vəzifəli və 10 mindən çox şəxsi heyət iştirak edir.
İlk dəfə belə qarışıq heyətdə təlimlər keçirilməsini hərbi təhlilçilər "müsbət" hesab edir, amma diqqəti təlimlərin NATO standartlarına uyğun olub-olmamasına yönəldir.
"Azərbaycan müstəqilik əldə etdikdən sonra ilk dəfə idi ki, Müdafiə Nazirliyi keçirdiyi təlimlərə ehtiyatda olan hərbi vəzifəliləri də cəlb edib. Bu iş müstəqilik əldə etdiyimiz illərdə həyata keçirilməli idi", təhlilçi Üzeyir Cəfərov BBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, belə təlimlər bir vaxtlar hərbi xidmətdə olanların döyüş hazırlığının yenilənməsi baxımından "yararlıdır".
NATO standartları və təlimlər
Lakin təhlilçi Cəsur Sümərinli təlimlərin NATO standartlarına uyğun təşkil olunub-olunmamasına diqqət edir.

Şəklin mənbəyi, modgovaz
"Hər hansı dövlət müharibə zamanı təkcə hərbi xidmətdə olanların deyil, ehtiyatda olanların da qüvvəsinə ehtiyac duyur. Ümumi olaraq, təlimin keçirilməsi müsbət haldır".
Cənab Sümərinli izah edir ki, Ordunun NATO standartlarına uyğun olması üçün əsasən iki addım atılmalıdır - xidmətdə olan şəxsi heyətin hazırlaşdırılması, peşəkarlaşdırılması və sayının azaldılması və ehtiyatda olanların hazırlığının təşkil olunması.
Təhlilçi, NATO və Azərbaycan arasında imzalanan çoxsaylı sənədlərə və fərdi əməkdaşlıq razılaşmalarına görə, ehtiyat qüvvələrin hazırlığının "vacib sayıldığını" desə də, keçirilmə şəkli ilə razılaşmır.
"Maksimum qapalılığın olması NATO standartlarına uyğun deyil. Konkret açıqlama olmalıdır ki, filan dövrdə filan müddətə filankəslər çağrılacaqlar. Gedən şəxs ən azı 1 il əvvəldən bu barədə bilməlidir ki, həyatı çətinləşməsin".
Cənab Sümərinli deyir ki, ehtiyatda olanların da iştirakı ilə təlimlərin keçirilməsi barədə məlumat təlimə hazırlıqdan daha əvvəl ictimaiyətə verilməlidir.
Bazar ertəsi başlayan təlimlərdə birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığı, qoşunların yürüş qabiliyyəti, döyüş tətbiqi imkanları, həmçinin qabaqcadan hazırlanmamış əraziyə uyğun olaraq döyüş elementləri məsələləri təcrübədən keçirilir.
Ümumilikdə isə, təlimlərdə on mindən çox şəxsi heyət və 3 mindən çox ehtiyatda olanların iştirakı ilə 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının yüzdən çox qurğusu, iyirmiyə qədər aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub.
Sabah başa çatacaq təlimlərə Bakıda təlimlərin komandanlıq heyəti və hərbi hissələrin komandirlərinin ümumi toplantısı ilə son veriləcək.
Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycan son illərdə silahlanması üçün milyardlarla dollar pul xərcləyib.
























