Zaqatalada zəlzələ dağıntılar yaratsa da, xəsarət alan yoxdur

Şəklin mənbəyi, Zaqatala IH
Azərbaycanın şimalında, Zaqatalada 6 bal gücündə baş verən zəlzələ iki kənddə xırda dağıntılara səbəb olub, xəsarət alanlar barədə məlumat yoxdur.
"Axşam saat 11-ə işləmiş iki dalbadal təkan oldu, uğultu səsi eşitdik. Təkanlar daha çox Zaqatalanın özündə, Tala kəndində hiss olunsa da, Göyəm kəndində bəzi evlərin hasarı uçub. Camaat qorxusundan bütün gecəni çöldə keçirib", Tala kənd sakini Saleh Sultanov BBC Azərbaycancaya zəlzələni təsvir edib.
Kənd sakininin sözlərinə görə, zəlzələnin episentri Talabinələr kəndində Zaqataladan 5-7 km uzaqlıqda olub.
"Çox ciddi dağıntılar yoxdur, bəzi evlərdə çatlar yaranıb, amma təkanlar davamlı olmadığından evlərin uçmasından söhbət gedə bilməz".
Onun sözlərinə görə, zəlzələ baş verən anda qaz, işıq, su verilişində, mobil rabitədə heç bir fasilə yaranmasa da, ev telefonları işləməyib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ iyunun 29-da saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb və episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.
Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov yerli mediaya deyib ki, zəlzələdən sonra dağıntı və xəsarət haqqında məlumat hələlik yoxdur.
"Göyəm kəndində bir evin divarı uçub. Bəzi binalarda isə ötən zəlzələ zamanı yaranmış xırda çatlar genişlənib. Başqa dağıntı və tələfat barədə məlumat daxil olmayıb”, APA cənab Ramazanovdan sitat gətirir.
Yerli mediada yayılan məlumata görə, Mərkəzə Xəstəxanaya beş nəfər stress keçirdiyinə görə müraciət edib.
5 nəfər stress keçirməsi ilə bağlı müraciət edərək, ilkin tibbi yardım alıb”.
























