"Azadlıq" qəzeti çapını dayandırıb

Müxalifyönümlü “Azadlıq” qəzeti Azərbaycan Nəşriyyatına borcunu ödəyə bilmədiyinə görə çapını dayandırdığını bildirib.
Baş redaktorun birinci müavini Rahim Hacıyev BBC Azərbaycancaya deyib ki, qəzetin nəşriyyata olan borcu 24 min manatdır.
“Biz səhər başlayandan nəşriyyatla danışıqlar aparırıq və vaxt istədik. Faktiki çıxılmaz vəziyyətdəyik. Çünki bank hesabımıza həbs qoyulub. Yayım firmaları istəsələr də, bizə heç bir məbləğ ödəyə bilmirlər”, cənab Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Nəşriyyatı borcun əhəmiyyətli hissəsinin ödənilməsini istəyib.
“Çapımızı qeyri-müəyyən müddətə dayandırırıq. İşlədiyimiz materiallar sayta qoyulacaq. Biz çox ağır vəziyyətdəyik”, o, qeyd edib.
Cənab Hacıyev deyib ki, bu vəziyyətdə yalnız hakimiyyətin dəstəyinə ümid edilə bilər.
“İstəsələr bu problemi bir anda həll edə bilərlər. Borclarımız dondurula bilər, yaxud qismən ödənilməsi üçün qrafik tutula bilər. Amma bu vaxta qədər aparılan siyasətdən sonra hökumətin bizə nə qədər kömək etmək istədiyini deyə bilmərəm”, redaktor müavini əlavə edib.
Məhkəmənin qərarına görə, "Azadlıq" qəzetinin "Binə" bazarının rəhbəri Kəbirə Məmmədovaya və Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədova borcu 65 min manatı ötüb.
Rahim Hacıyev deyib ki, oktyabrın 17-dən metro stansiyalarda qəzetin satışına qoyulan qeyri-rəsmi qadağaya görə qəzetin əməkdaşlarının maaşları ödənilməyib.
Qəzet 1988-ci ildən çap olunur.
Digər müxalifyönümlü qəzet olan “Yeni Müsavat” noyabrın 10 və 11-də “metro stansiyalarda qəzet satışına qoyulan qeyri-rəsmi qadağaya görə” çap olunmayıb.
Qəzetin baş redaktoru maddi durumunun ağırlığı ilə əlaqədar prezident İlham Əliyevə <link type="page"><caption> müraciət edib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/11/131107_yeni_musavat_.shtml" platform="highweb"/></link>.
























