“Yeni Müsavat” çapı dayandıracağını bildirib

Yeni Musavat
Şəklin alt yazısı, "Yeni Müsavat"-ın baş redaktoru qəzetin bağlanmaq təhlükəsi ilə üz-üzə qalması ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Çap edildi

Müxalifyönlü "Yeni Müsavat" qəzeti "yayımına qoyulan qadağalara" etiraz olaraq müvəqqəti çapını dayandırmaq qərarına gəlib.

Qəzetin direktoru Ələsgər Süleymanlı BBC Azərbaycancaya deyib ki, qəzetin kollektivi iki gün işləməyəcək.

“Biz əməkdaşlarımızın maaşlarını verə bilmirik. Ayaqda durmaq üçün mübarizə aparırıq. Amma qəzeti sata bilmirik və bu aksiya ilə artıq bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığımızı göstərmək istəyirik”, - Süleymanlı bildirib.

Noyabrın 10-da qəzetin 24 yaşı tamam olduğunu deyən direktor qəzetin işində ardıcıllığın pozulduğunu deyib.

“Noyabrın 11-də yenidən işə çıxacağıq və aksiyanın nəticəsindən asılı olaraq qərar verəcəyik. İki gün ərzində saytımız işləyəcək, amma əmin deyiləm ki, işçilərin bu günlər üçün maaşlarını verə biləcəyikmi?”, - direktor qeyd edib.

Cənab Süleymanlı deyib ki, qəzet bu aksiya ilə ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini istəyir.

Metro stansiyalarında müxalif yönlü qəzetlərin satışına qeyri-rəsmi qadağa oktyabrın 17-dən qoyulub.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məsələ ilə bağlı president İlham Əliyevə müraciət edib və ondan problemin həll olunması üçün addımlar atmasını istəyib.