Ermənistan: prezidentə “kazino” sualını verən millət vəkilini polis qoruyur

Zaruhi Postancyan
Şəklin alt yazısı, Zaruhi Postancyan onu təhqir edən hakim partiya parlament üzvlərini məsuliyyətə cəlb etməyi tələb edir
Çap edildi

AŞPA sessiyasında Ermənistan prezidentinə “Avropa kazinolarında qumar oynaması” ilə bağlı sual verən millət vəkili Zaruhi Postancyan özünün və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasını tələb edib.

Artıq bir neçə gündür ki, Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin üzvü Zaruhi Postancyanı hər yerdə polis əməkdaşları müşayiət edir.

Qızlarını məktəbə və uşaq bağçasına yola salanda, iş yerinə gedəndə və qayıdanda onun arxasınca gedən iki polis əməkdaşını görmək olar.

Zaruhi Postancyan təhlükəsizlik təminatını hakim Respublikaçılar Partiyasının üzvü, idman və gənclər məsələləri üzrə nazir müavini Xaçik Asryan tərəfindən hədələndikdən sonra tələb edib.

“Alovlu hərbi-vətənpərvərlik” nitqləri ilə tanınan “Hayots artsivner” (“Erməni qartalları”) gənclər təşkilatının rəhbəri Xaçik Asryan “Aravot” qəzetinə müsahibəsində deyib ki, “kazino” sualına görə “Postancyanı "tonqalda yandırmaq lazımdır".

“Mən özümü müdafiə etməyə qabiləm, lakin polislərin mövcud olması mənə qarşı qəsd etmək istəyənləri ayıqlaşdırmalıdır”, - Postancyan deyib.

Xaçik Asryan
Şəklin alt yazısı, "Erməni qartallar" hərbi-vətənpərvər gənclər təşkilatının sədri Xaçik Asryan "kazino" sualını verən millət vəkilin "yandırmağa" layiq olduğunu bildirib (şəkil - "Aravot.am"dən)

Müxalif millət vəkili, iki polis əməkdaşının onu hər yerdə müşayiət etdiyinə və bir polis maşınının onun hərəkətlərini izlədiyinə baxmayaraq, hesab edir ki, neçə ki “Hayots artsivner”-in rəhbəri cəmiyyətdən tədric edilməyib, təhlükə aradan qaldırılmayıb.

Xanım Postancyan idman və gənclər məsələləri üzrə nazir müavini Xaçik Asryanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Postancyanın sözlərinə görə, mühafizəçi təqdim edərək, əslində polis onun təhdidə məruz qalması faktı tanıyıb və belə olan halda Asryana qarşı cinayət işi açılmalı və həbs cəza tədbiri tətbiq edilməlidir.

Müxalif millət vəkili həmçinin Parlamentin sədri Hovik Abrahamyana da müraciət edib ki, o öz səlahiyyətləri çərçivəsində Postancyana qarşı nifrət və düşmənçilik yağdıran digər respublikaçı millət vəkillərinə dair tədbirlər tətbiq etsin.

AŞPA sessiyasında Serj Sarkisyana “kazino” sualını verdikdən sonra hakim partiyanı təmsil edən bəzi parlament üzvləri, Postancyanın sözlərinə görə, parlament tribunasında onun ünvanına “nalayiq sözlər” deyiblər.