Həbsdə olan Pussy Riot üzvü təkadamlıq kameraya keçirilib

Nadejda Tolokonnikova, Pussy Riot
Şəklin alt yazısı, Nadejda Tolokonnikovanın sözlərinə görə, penitensiar əmək koloniyasında saxlanılan qadın dustaqlar "qul" kimi rəftar olunur
Çap edildi

Pussy Riot qrupunun həbsdə olan üzvü Nadejda Tolokonnikovanın təhlükəsizliyini təmin etmək üçün o, təkadamlıq kameraya keçirilib, Rusiyanın Penitensiar Xidməti bildirir.

Xanım Tolokonnikova bazar ertəsi elan edib ki, saxlanılma şəraitləri barədə etiraz etmək üçün aclıq aksiyasına başlayıb.

Amma həbsxana xidməti onun təcrid kamerasına keçirilməsinin cəza olmasını inkar edib.

Pussy Riot qrupunun üzvləri ötən il Moskvanın mərkəzi kilsəsində Prezident Vladimir Putinə qarşı etiraz mahnısı oxuduqdan sonra həbs olunublar.

Apellyasiya şikayətindən sonra qrupun bir üzvü azad olunub.

Bir çox rusiyalı qrupun hərəkətlərini pisləsə də, onların həbs olunması beynəlxalq cəmiyyətdə etirazla qarşılanıb.

Bu həftə mətbuata açıqlanmış məktubunda xanım Tolokonnikova digər məhkumlar tərəfindən hədələndiyini bildirərək uzun icbari əmək saatlarından şikayət edib.

O deyib ki, penitensiar əmək koloniyasında saxlanılan qadın dustaqlarla "qul" kimi rəftar edilir və iş günü 17 saat davam edir.

Tolokonnikovanın sözlərinə görə, əmək kvotalarını yerinə yetirməyən dustaqlara yemək verilmir, onlar ayaq yoluna getməyə buraxılmırlar və ya zorla küçədə, soyuqda saxlanılırlar.

Penitensiar xidmət xanım Tolokonnikovanın hesabatını rədd edib və deyib ki, qadınlar gündə səkkiz saatdan çox işləmirlər.