Rusiyalı milyarder işçilərinə 3 milyon dollar payladı

Rusiyalı milyarder Oleg Deripaska 2012-ci il üçün özünə düşən mükafatdan imtina edib və bildirib ki, bu pulla işçilərinə səhmlər alacaq.
Rusal alüminium şirkəti bildirib ki, 3 milyon dollarlıq bonusun pulu ilə 120 əməkdaşa səhmlər alınacaq.
Forbes jurnalının məlumatına görə 8, 5 milyard dollar sərvəti olan Deripaska Rusal şirkətinə 2009-cu ildən rəhbərlik edir.
Şirkət bildirir ki, bu, birdəfəlik aksiyadır, lakin əgər uğurlu olarsa, işçiləri mükafatlandıran yeni proqramlar hazırlanacaq.
Səhmlər Rusalın istər Rusiyada, istərsə də xaricdəki müəssisələrində çalışanların arasında paylanacaq.
Paylanan səhmlər Rusalın toplam səhmlərinin 0,05 faizini təşkil edir.
Rusal dünyanın ən iri alüminium istehsalçılarından biridir və dünya boyunca 72 min işçisi var.
Şirkət 2000-ci ildə qurulub və 19 ölkədə 20 zavoda malikduir.
Cənab Deripaska Britaniya qəzetlərinin başlıqlarına 2008-ci ildə həm leyboristlər, həm də mühafizəkarlarla sövdələşmələri barədə iddialarla bağlı çıxmışdı.
O zamankı kölgə maliyyə naziri George Osborne Korfuda Deripaskanın yaxtasında görüş zamanı ondan partiyası üçün ianə istədiyini güclü şəkildə danmışdı.
Həmçinin o vaxtkı hökumətdən lord Mandelson Avropa İttifaqının naziri olarkən, Deripaska üçün lobbiçilik etməkdə şübhəli bilinirdi.
Avropa Komissiyası bu iddiaları rədd etmişdi.
























