Batumi – Gürcüstanın bir parçası

BBC müxbiri Damien McGuinness Acarıstandan yazır ki, Qara Dəniz sahilindəki cazibədar kurort şəhəri Batumi Gürcüstanın qərbləşmə və Sovet keçmişindən təmizlənmə ambisiyalarını nümayiş etdirir.
Burada qızılı bərənin körpüsü modernist göydələnin az qala içinə daxil olur. Fəvvarələr bulvar boyunca düzülmüş səsucaldanlardan fransızca mahnı oxuyur. Gecələr bütün şəhər yolka ağaçı kimi bənövşəyi, mavi və qırmızı işıqlarla bərq vurur.
Cəmi on il əvvəl bu şəhər keçmiş Sovet İttifaqının nimdaş və yoxsul bir guşəsi idi. Bu gün bura parlaq işıqları və kazinoları ilə füsunkar bir yerdir.
Bir sözlə, Qara dənizin Las Veqasına xoş gəlmisiniz.
Əslində qumar şəhəri Gürcüstanın ifrat kapitalist ambisiyalarını əks etdirir: sürətlə qazanılan pul, məhdudiyyətsizlik və böyük risklər.
Ambisiyalı eksperiment
Məsələn, qumarın qadağan olunduğu qonşu Türkiyə turistləri üçün Batumi çəkici məkandır. “Peace” kazinosunun sahibləri bildirirlər ki, müştərilərinin 95 fazizi Türkiyədən gəlir.
Onlar deyirlər ki, kazino biznesi və məzuniyyətlərini Batumidə keçirənlər yerli büdcənin dörddə birini verirlər.
Batuminin Gürcüstan Monte Carlosuna çevrilməsi ölkəni dəyişdirən ambisiyaların ən parlaq göstəricisidir.
Bu təcrübə Amerikada təhsil almış və Qızılgül inqilabının lideri olmuş Mixeil Saakaşvili 37 yaşında prezident olandan başlanıb.
O zamandan bəri demokratik islahatlar ölkəni bürüyüb, korrupsiyanın kökü kəsilib və Qərbin yardım və investisiyaları ölkəyə axmağa başlayıb.
Prezident Saakaşvili onu ziyarət edənlərə kabinetindəki futurist göydələn maketini göstərməyi çox xoşlayırdı.
Bu gün Alphabet kimi tanınan bu bina Batumi bulvarında ucalır və şəhərin üfüqləri üzərində nəzəri dərhal cəlb edir.
Azlıqların haqları
Cənab Saakaşvili üçün bu şəhər Gürcüstan uğurunun parlaq simvoludur.
Məhdudiyyətsiz hakimiyyətin on ili ərzində Saakaşvili hökumətinin içərisində də korrupsiya və dostbazlıq qol-qanad açırdı.
Yerli siyasətçilərdən Parmen Jalaqoniya ətrafdakı göydələnləri göstərərək deyir ki, bütün bu infrastrukturun yaradılması üçün bu layihələrə həqiqi qiymətindən daha çox pul xərcləmək lazım gəlib.
Bir çox daha yoxsul və yaşlı gürcülər Saakaşvilinin sürətli amerikasayağı kapitalizmindən kənarda qaldıqlarını düşünürlər.
Cənab Saakaşvili prezident olaraq qalsa da, onun hökuməti hakimiyyətdən ötən il devrilib.
Öz bağında yetişdirdiyi çiçəkləri və fındığı satmaqla gündə 3-12 dollar arası qazanan Sveta Şuskaya deyir ki, adamlar yeni hökumətin vəziyyəti düzəldəciyinə inanırlar.
Lakin yeni hökumətin insanların yaşayış səviyyəsini yaxşılaşdıracağına inam olsa da, ölkənin daha az tolerant olmasından narahatlıq mövcuddur.
Batumi Saakaşvilinin Qərb kapitalizmi üçün sınaq meydanıdır. Amerikasayağı kapitalizm təkcə həddən ziyadə açıq bazar yox, həm də azlıqlara münasibətdə daha tolerant olmaq deməkdir.
Prezident Saakaşvilinin hakimiyyyəti illərində başqa dinlərə azadlıq verən qanunlar qəbul edilib. Lakin indi bir çoxları narahatdırlar ki, yeni hakimiyyətin dövründə bu hüquqlar pozula bilər.
Və bu ambisiya ən çox Batumidə sınaqlara məruz qalacaq.
Bu ərazi Osmanlı İmperiyasından bəri Gürcüstanın ən böyük müsəlman əhalisinə məxsus bir yerdir.
1991-ci ildə Sovet İttifaqı çökdükdən sonra Gürcü Pravoslav kilsəsi müstəqil Gürcüstan dövlətinin və gürcülərin milli kimlik rəmzinə çevrilib.
Müsəlman gürcülər xristianlığa qayıtmağa başlayıblar, lakin ölkə əhalisinin 30 faizinin müsəlman olduğu düşünülür.
Qarşıdurma
Batuminin əsas məsçidində müsəlmanlar cümə namazına toplaşırlar. Məsçid doludur və orada yer tapmayanlar küçədə ibadət edirlər.
Bu anda bir əsəbi kişi deyir ki, bu adamlar ibadət edəndə hamı bu səsləri eşitməyə məcbur olur.
“Bu düzgündürmü?” – deyə kişi soruşur.
O deyir ki, qonşuluqda işləyir və hər cümə günü əzan səsini eşitməkdən yorulub.
Yeni hökumət gələndən bəri burada müsəlmanlara qarşı üç kiçik etiraz aksiyası olub.
Rayonun əsas qəzetinin redaktoru Eter Turadze deyir ki, müsəlmanlar onların gürcü kimliyinin sorğu-sual edilməsindən narahatdırlar.
Avropa İttifaqına qoşulmağa can atan Saakaşvilinin hökuməti azlıqların hüquqlarını güclü şəkildə qoruyurdu.
Lakin yeni hökumətin tərəfdarları bildirirlər ki, gürcü kimliyinə ziyan vuran Qərb dəyərləridir.
Kapitalizm son on ildə Batumini tamamilə dəyişib.
Gürcüstanın yeni hökumətinin qarşısında duran baslıca məsələ Saakaşvili dövrünün uğurlarını saxlayaraq, ifratçılıqdan yaxa qurtarmaqdır.























