BBC

BBC navigation

Azərbaycanlı boksçular üçün Yerevanda xüsusi təhlükəsizlik tədbirləri

Yerevanda boks çempionatı keçirilir

  • Proqramda çap olunmuş xəritədə Dağlıq Qarabağ Azərbaycandan ayrı Ermənistan Respublikası sərhədləri daxilində göstərilir.
  • Derenik Qabrielyan
    Ermənistan Boks Federasiyası sədrinin müavini Derenik Qabrielyan Azərbaycan komandasının təhlükəsizliyi tam təmin olunacağını bildirir.
  • Gənclər arasında boks üzrə dünya çempionatı dekabrın 8-dək davam edəcək.
  • Çempionatın proqramı
    Çempionatın proqramı zəngin dizayn tələblərinə uyğun keyfiyyətli kağız üzərində çap olunub.
  • Karen Demirçyan adına Konsert-İdman Kompleksi
    Yarışlar Karen Demirçyan adına Konsert-İdman Kompleksində keçiriləcək.

Azərbaycan komandası Yerevanda keçirilən gənclər arasında boks üzrə dünya çempionatında 55 ölkəni təmsil edən komandalardan ayrı qalacaq.

Bu, Ermənistan Boks Federasiyası sədrinin müavini Derenik Qabrielyanın sözlərinə görə, qabaqcadan razılaşdırılmış təhlükəsizlik tədbirlərinin təmin olunması ilə bağlıdır.

Yerevanda bazar ertəsi start götürmüş və Azərbaycanın da qatılacağı gənclər arasında boks üzrə dünya çempionatında təhlükəsizlik tədbirləri görülsə də, qalmaqala səbəb ola biləcək bir detal aşkar olunub.

Çempionatın rəsmi proqramında yarışın keçirildiyi ölkə haqqında qısa məlumatlar bölməsində təsvir edilən xəritədə Dağlıq Qarabağ Azərbaycandan ayrı Ermənistan Respublikası sərhədləri daxilində göstərilir.

Yarışlarda Azərbaycanı 7 idmançı təmsil edəcək, bu barədə BBC Azərbaycancaya Boks Federasiyasından bildiriblər.

Komandanın rəhbəri Ziya Talıbov artıq Yerevandadır, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev deyib.

Təhlükəsizlik

“Azərbaycan yığma komandasının bütün tələbləri yerinə yetirilib. Bunu, hər şeydən başqa, həm də Beynəlxalq Boks Federasiyası tələb edir. 12 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti başqalarından təcrid olunacaq. Bu, onların tələbidir”, - Derenik Qabrielyan deyib.

Onun sözlərinə görə, hətta Azərbaycan nümayəndə heyətinin üzvləri ilə ünsiyyətdə olmaq mümkün olmayacaq.

Azərbaycanlı boksçulardan başqa Ermənistana üç trener və bir həkim gedib, rəsmilər deyir.

Çempionat dekabrın 8-dək davam edəcək və azərbaycanlı boksçular dekabrın 9-da Bakıya qayıdacaq, Ağacan Əbiyev BBC Azərbaycancaya deyib.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, Yerevanda keçirilən gənclər arasında boks üzrə dünya çempionatında Tural Əhmədov (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Pərviz Bağırov (64 kq), Saqi Salehli (69 kq), Orxan Mayıllı (75 kq), Rauf Rəhimov (81 kq) və Rahil Məmmədli (91 kq) iştirak edəcəklər.

Azərbaycan komandası tərkibində Ermənistan paytaxtına yollanan nümayəndə heyətinə baş məşqçi Şamil Alimzanov, onun köməkçisi Natiq Talıbovdan, Azərbaycan Boks Federasiyası rəsmiləri Ziya Talıbov və Niftalı Quliyev də daxildirlər.

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.