BBC

BBC navigation

Moskvada azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən 3 polis nəfəri işdən qovulub

Moskvada azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən 3 polis nəfəri işdən qovulub

Moskvada Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən dörd nəfər - Moskva polisinin post-patrul xidmətinin 3 əməkdaşı və onların bir tanışı saxlanılıb.

Rusiya mətbuatının qeyd etdiyi kimi, qətl hadisəsi sentyabrın 5-dən 6-na keçən gecə törədilib, və məhz bundan sonra sözügedən 3 polis əməkdaşı DİN sıralarından qovulub.

Bu barədə Moskva Baş Polis İdarəsinin internet səhifəsində məlumat verilib.

İstintaqın məlumatına görə, 2012-ci il sentyabrın 5-dən 6-na keçən gecə şübhəli şəxslər milliyətcə azərbaycanlı olan vətəndaşın idarə etdiyi BMW-530 markalı avtomobilində Moskvadan şəhərətrafı qəsəbələrdən birinə yollanırmışlar.

İddia olunduğuna görə, yolda onların arasında mübahisə düşür və nəticədə azərbaycanlı qətlə yetirilir. Məlumatlarda qatillərin azərbaycanlıya 77 bıçaq yarası yetirdikləri qeyd olunur.

Onun avtomobili isə sonradan satmaq niyyəti ilə Moskvaya qaçırılıb.

Rusiya xəbər agentlikləri güc strukturlarındakı mənbəyə istinadən xəbər verir ki, BMW-nin azərbaycanlı sahibi sözü gedən polis nəfərləri və onların tanışı tərəfindən oğurlanaraq girov saxlanılıb və onun qohumlarından 150 min rubl pul ödənilməsi tələb olunub.

Bundan sonra həmin azərbaycanlı qətlə yetirilib və Yaroslavl vilayəti ərazisində basdırılıb.

Qətl törətməkdə şübhəli bilinən polislər işdən qovulduqdan sonra, DİN-in Moskva Baş Polis İdarəsinin rəhbəri Anatoli Yakunin DİN-in qovularaq həbs olunmuş polis nəfərlərinin qulluq etdiyi Xoroşevo-Mnevniki rayonu üzrə bütün şöbə rəhbərlərini işdən azad edib və DİN Moskvanın şimal-qərb dairəsi üzrə rəisinin məsuliyyətə cəlb edilməsi barədə xahişlə DİN rəhbərliyinə müraciət edib.

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.