
Azadlıq qəzeti satışını dayandırsa, saytı da bağlanacaq.
Bazar ertəsi Azərbaycan nəşriyyatının Azadlıq qəzetinə borclarını ödəməsi üçün verdiyi vaxt tamam olub.
Nəşriyyatın direktor müavini Bəsti İsmayılova BBC Azərbaycancaya deyib ki, son gün olsa da, qəzetə borclarını ödəməsi üçün vaxt veriləcək:
Biz də kollektivimizi saxlamalıyıq. Başqa qəzetlərə də şifahi xəbərdarlıq edilib, onların da borcu var, amma Azadlıq qədər yox.
Üç gün öncə qəzetə borclarla bağlı göndərilmiş məktubda bildirilib ki, qəzet çap və kommunal xərclərə görə təxminən 25 min manat borcunu sentyabrın 3-nə qədər ödəməlidir.
Nəşriyyat Azadlıq qəzetinə deyib ki, borcu ödəməsə, onlara "xidmət göstərə" bilməyəcək.
"Belə olan halda, ya nəşriyyat binasına ümumiyyətlə getməməliyik, ya da ki, getsək, işığımızı kəsəcəklər" – qəzetin baş redaktor müavini Rahim Hacıyev BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, uzun müddətdən bəri "yayımla bağlı yaranmış ciddi problemlər" ucbatından qəzet nəşriyyata borclanıb.
"Əvvəllər yayımla məşğul olan Qasid firmasının qəzetimizin satışına görə bizə 30 min manat borcu var. Onlar pulumuzu qaytarmır, deyirlər ki, pulları yoxdur" - Hacıyev deyir.
Hacıyevin sözlərinə görə, Qasid firmasının köşkləri götürüləndən sonra yerinə qoyulmuş yeni köşklərdə əsasən, qəzetlər satılmır.
"Şəhərdə əl ilə yayıma isə hakimiyyət icazə vermir, deyir ki, yollarda qəzet satanlar nəqliyyat və piyadanın hərəkətinə mane olur".
Üç gün
"Nəşriyyat rəhbərliyi birdən-birə bizə cəmi 3 gün vaxt verdi. Tələb edir ki, bazar ertəsinədək vəsaiti ödəyək" - Hacıyev deyir.
Azadlıq qəzetinin nəşriyyata borclu olduğu 25 min manat vəsaitdən 14 mini çap xərci, 11 manatı isə kommunal xərclərdir.
O, qəzetin bağlanmaq məcburiyyətində qalmasını "azad mətbuatı boğmaq üçün atılan addımların" nəticəsi hesab edir.
Hacıyev deyir ki, Qasid firması Azadlıq qəzetinin borcunu ödəsə, onlar da öz növbəsində nəşriyyatın borclarını ödəyə biləcəklər.
"Qasid dövlətə bağlı şirkətdir, vəziyyətdən istifadə edib, borcumuzu qaytarmır".
Satış və maaş
Hacıyevin sözlərinə görə, Azadlıq qəzetinə "kənardan" heç bir kömək yoxdur və "tam satışdan asılı olan" qəzetdir.
Azadlıq qəzetinin gündəlik tirajı 8 mindir və son illərdə satış 70-80 faiz olub, qəzetin redaktor müavini deyir.
"Bir neçə ay əvvəl vəziyyətimiz pis deyildi, amma satışla bağlı problemlər ortaya çıxandan sonra çətinləşdi".
O, maaşların yüksək olmadığını və qəzetdə fədakar insanların çalışdığını desə də, onları maaşsız işlətməyəcəklərini bildirib.
"Hökumətin altı ay müddətinə kütləvi informasiya vasitələrinə dəstək proqramı çərçivəsində ayırdığı 30 min manatdan hər ay 5 min manat götürsək də, bu, xərcləri ödəmir" - Hacıyev deyir.
"Hökumət tirajını belə göstərməyə çətinlik çəkən kiçik qəzetlərə 40-50 min yardım verdiyi halda, bizə cəmi 30 min manat verib" - o, əlavə edir.
Sayt
"Azadlıq qəzeti çap fəaliyyətini dayandırsa, saytı da bağlamalı olacaq" - Hacıyev deyib.
"Azadlıq qəzeti tamamilə satışdan asılı qəzetdir, qəzeti satmağa yer yoxdursa, onu satmağına dəyərmi" - Hacıyev deyib və əlavə edib ki, qəzetin internet saytının fəaliyyəti də onun satışı ilə bağlıdır.
"Saytın xərcləri də qəzetin satışından maliyyələşir. Ona görə də, saytın fəaliyyətini durdurmalı olacağıq" - Hacıyev bildirib.
"Daima axtarışlardayıq, amma qətiyyən bizdən asılı olmayan səbəblərdən, maliyyə imkanımız məhduddur".
Azadlıq qəzetinin internet saytı BBC Azərbaycancanın tərəfdaşı olan saytlardan biridir.
Reklam
"Demokratik ölkələrdə qəzetlərin maliyyə bazası reklam hesabına formalaşır. Amma bizdə reklam olmasa belə, satışa problem yaradılmasa, mövcudluğumuz realdır" - deyib Hacıyev.
O, Azərbaycanda hətta Qərb ölkələri strukturlarının belə "hakimiyyətdən çəkinərək Azadlıq qəzetinə reklam vermədiyini" deyib.
Hacıyev iddia edib ki, Azərbaycan hakimiyyəti hər il bir çox strukturlara "leqal və qeyri-leqal yollarla yüz milyonlarla manat pul" xərcləyir. "Amma məlum olur ki, Azadlıq qəzeti hakimiyyətin ən böyük problemidir, çünki həqiqətləri yazır".
Azadlıq qəzetinin rəsmisi ümidini üzmədiyini deyib: "Ümid edirəm ki, vəziyyətdən qısa müddətə də olsa çıxa biləcəyik. Bəlkə danışıqlar faydalı olacaq və bizə bir az da vaxt verilməsi xahişimiz yerinə yetiriləcək".
Azadlıq qəzeti ilk dəfə 1989-cu ildən çap olunur.

















