
Neftçi Apoel ilə GSP Stadiumda qarşılaşacaq.
Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Kipr klubu APOEL, Azərbaycan çempionu "Neftçi"ni qəbul edəcək.
Komandalar arasında baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə başa çatdığından, hər şeyə ikinci görüşdə aydınlıq gələcək.
Cavab oyunu Bakı vaxtıilə saat 22:00-da başlanacaq.
"Neftçi səfərdən sərfəli nəticə ilə ayrılmağı bacarsa, tarixi uğura imza atacaq. Ölkə çempionu Avroliqanın qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu adını qazana bilər.
Son məşq
"Neftçi" dünən axşam Nikosiya şəhərində qarşılaşmanın keçiriləcəyi 22 min yerlik "GSP Stadium"da son məşqini keçirib. Hazırlıq prosesini Azərbaycan klubunun prezidenti Sadıq Sadıqov da izləyib.
Məşq zamanı "Neftçi" stadion əməkdaşları tərəfindən qadağa ilə üzləşib. Kiprlilər Azərbaycan komandasının meydançanın bəzi hissələrində məşq etməsinə icazə vermək istəməyiblər. Bu isə "Neftçi"nin narazılığına səbəb olub.
Nəticədə tərəflər arasında söz atışması baş verib. Kiprlilər bu addımı ot örtüyünün ziyan görməməsi ilə əlaqələndiriblər.
BBC Azərbaycancanın "APOEL-in baş məşqçisinin "Neftçi"dən sürpriz gözləmirəm" fikrinə münasibətiniz necədir?" sualını Azərbaycan klubunun baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransında belə cavablandırıb:
"İlk oyunda "Neftçi" üstün oynadı, çox sayda qol vəziyyətləri yaratdı. Görüşün sonuna doğru kobud səhv buraxdıq. Qonaq komandanın bəxti gətirdi. Cavab oyununda iki bir-birindən fərqli rəqib oynayacaq. APOEL-in özünəməxsus dəst-xətti var. Amma onlar da unutmamalıdır ki, "Neftçi"yə qarşı oynayacaq. Oyunda şanslar 70-in 30-a komandamın xeyrinədir. Uğurlu nəticə qazanmaq üçün bütün gücümüzü meydanda qoymalıyıq. Çünki tarixi fürsət var. Mərhələ keçib, qrupa yüksəlsək, Azərbaycan futbolunda tarix yazacağıq. İnşallah, futbolumuz üçün bayram olar".
Mətbuat konfransında iştirak edən yeganə Kipr jurnalisti, "Neftçi"nin baş məşqçisindən cavab oyununda 20 min azarkeşin əllərində Yunanıstan bayrağı komandalarına dəstək verməsinin Azərbaycan klubuna mənfi təsiri olub-olmayacağını soruşub.
"Futbolu siyasətə qarışdırmayın. Bayrağa qalsa, biz də bura Azərbaycan və Türkiyə bayrağı ilə gəlmişik. Biz türkük! 20 min yunan azarkeş bizi qorxuda bilməz! Çalışacağıq ki, APOEL-in 20 min fanatı "Neftçi" azarkeşinə çevrilsin və bizlər burdan alqışlarla yola salınsın" - Hacıyev cavabında deyib.

















