
Sabiq prezidentin zəhərlənməsi iddiası ilə bağlı cinayət işini başlanmasını şərh edən hüquqşünas Anar Qasımlı olayın üstündən vaxt keçdiyi üçün kiminsə məsuliyyətə cəlb olunmayacağını deyib.
Eks-prezidentin ölümü ilə bağlı araşdırma Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciətilə başlayıb.
AXCP lideri Əli Kərimli işlə bağlı ünvanına səsləndirilən ittihamları şərh edərək işi cəfəngiyat adlandırıb.
Rəsmi olaraq Elçibəyin 2000-ci ildə onkoloji xəstəlikdən vəfat etdiyi deyilirdi.
Eks-prezident Türkiyədə müalicə olunuqdan sonra orda dünyasını dəyişib, amma Azərbaycanda dəfn olunub.
Məsuliyyətə cəlb etmə müddəti
"Amma cinayət məsuliyyətinə cəlb etmə müddəti 12 il hesablanır. Başqa sözlə, əgər ağır cinayət haqqında 12 il ərzində ümumiyyətlə məlumat olmayıbsa, cinayətkar hətta müəyyən olunsa da, o həbs olunmayacaq"
Anar Qasımlı, vəkil
BBC Azərbaycancaya açıqlamasında Anar Qasımlı bildirdi ki, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ağır cinayət işləri kateqoriyasına aiddir və buna görə məhkəmə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası verə bilər:
Amma cinayət məsuliyyətinə cəlb etmə müddəti 12 il hesablanır. Başqa sözlə, əgər ağır cinayət haqqında 12 il ərzində ümumiyyətlə məlumat olmayıbsa, cinayətkar hətta müəyyən olunsa da, o həbs olunmayacaq.
Baş Prokurorluq Elçibəyin zəhərlənməsi iddiası üzrə cinayət işinin başlanması haqqında məlumat yayıb
APA-nın prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova istinadən yaydığı məlumatda deyilir ki, sabiq prezident Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti araşdırılıb və toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb:
Araşdırma zamanı H. Hacıyev və başqaları Ə. Əliyevin ölümündən əvvəl zəhərlənməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər.
Qeyd edək ki, buna qədər Elçibəyin 2000-ci ildə onkoloji xəstəlikdən vəfat etdiyi deyilirdi. Eks prezident Türkiyədə müalicə olunuqdan sonra orda dünyasını dəyişib, amma Azərbaycanda dəfn olunub.
Elçibəyin qardaşı Almurad Əliyev BBC Azərbaycancaya açıqlamasında onun zəhərlənməsi ilə bağlı iddialara inanmadığını bildirib: Bir neçə il qabaq da bəyin zəhərlənməsi fikri irəli sürülmüşdü. Qardaşımın ölümünün səbəbləri ilə bağlı məsələnin tam araşdırılmasını istəyirəm. Bu dəfə artıq ya Hafiz Hacıyev, ya da Əli Kərimli həbsdə yatacaq.
Əliyev mediada bunun müxalifətə qarşı kampaniya olması ilə bağlı deyilənlərə də münasibət bildirib: İqtidarın nəyinə lazımdır bu kampaniya? Bu iddiaların nəyə əsaslandığını anlamıram. Mən heç zaman Elçibəyin qəbrinin açılmasına icazə verməyəcəm. İstintaq qrupunun üzvləri mənimlə danışıblar, amma hələ dindirilməmişəm.
İddialar "qeyri-ciddidir"
"Hakimiyyət müxalifəti nüfuzdan salmağa və onun siyasi mübarizə gücünü almağa çalışır"
Əli Kərimli, AXCP
AXCP lideri Əli Kərimli Turan İnformasiya Agentliyinə açıqlamasında deyib ki, Elçibəyin zəhərlənməsi haqqında iddialar qeyri-ciddidir, bu cəfəngiyatın prokurorluq tərəfindən araşdırılması isə absurddur:
Bu insan (Hacıyev) uzun aylardır İnternetdə və KİV-də boş-boş məlumatlar yayır. Avtoritar rejimlərdə məmurlar hakimiyyət qarşısında xidmətdə öncüllük nümayiş etdirməyə çalışırlar və prokurorluq rəhbərliyi də bu yoldan gedib. Lakin qanunçuluğun keşiyində duran bir orqan üçün bu, yolverilməzdir.
Kərimli hesab edir ki, bu təxribat qarşıda duran 2013-cü il prezident seçkiləri ilə əlaqədar müxalifətə və şəxsən ona qarşı yönəlib: Hakimiyyət müxalifəti nüfuzdan salmağa və onun siyasi mübarizə gücünü almağa çalışır.
Bir müddət öncə mediada Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürüldüyü barədə açıqlaması yayıldı.
Hacıyev bununla bağlı Respublika Baş Prokurorluğuna yazılı şəkildə müraciət etdiyini və eks-prezidentin ölümünün səbəbkarı AXCP sədri Əli Kərimli olduğunu bildirib:
Kərimli öz lideri Elçibəyin ad günündə ona zəhər verərək həyatına son qoyub. Bu barədə mənə Elçibəyin ailəsi tərəfdən məlumat verilib.
Dindirilmələr başlanacaq
Yeni Müsavat qəzeti bugünki manşet xəbərində Elçibəyin zəhərlənməsi ilə bağlı istintaqın aparıldığı haqda geniş material dərc edib. Qəzetin rəyinə görə, müxalifətin əksər tanınmış simaları gələn həftədən başlayaraq bu işin istintaqı üzrə dindirilməyə başlayacaqlar:
Hakimiyyət bu məsələni ölkə gündəminə gətirməklə siyasi rəqiblərinə qarşı ciddi kampaniya başlamağı planlaşdırır. İstintaq eks prezidentin qərbinin açılması-eksqumasiyası haqda qərar çıxara bilər. Yaxınları buna imkan verməsələr, onda da fərqli kampaniya aparılacaq. Yaxın günlərdə ölkə ictimaiyyəti telekanallarda və hakimiyyətyönlü mediada öz liderini zəhərləyən müxalifət liderləri haqqında ilginc faktlarla tanış ola biləcəklər.
Qəzeti məlumatlandıran anonim mənbənin sözlərinə görə, iddialar arasında o da var ki, Elçibəy onu daxili deyil, xarici düşmənlərin-konkret olaraq PKK və ya ETTELAAT-ın zəhərlədiyindən şübhələnirmiş. İndi istintaq zəhəri Azərbaycana kimin keçirməsi üzrə araşdırma aparır.

















