ABŞ-Azərbaycan: strateji əməkdaşlığın müzakirəsi

Təhlükəsizlik dialoqu
    • Müəllif, Ələkbər Raufoğlu
    • Vəzifə, BBC Azərbaycanca üçün, Vaşinqton
  • Çap edildi

Vaşinqtonlu təhlilçilərə əsasən, hazırda amerikalıların Azərbaycanla təhlükəsizlik müzakirələrində əsas marağını Əfqanıstanın tərki kampaniyasında Bakının tranzit imkanları təşkil edir, belə ki, Birləşmiş Ştatlar 2014-cü ilin sonunadək qüvvələrini regiondan çıxarmalıdır.

Vaşinqtonda başlayan sayca 13-cü ABŞ-Azərbaycan hərbi danışıqları beynəlxalq və yerli təhlükəsizlik, anti-terrrorism, nüvə və narko-ticarətin yayılmasına qarşı mübarizə, və sərhəd təhlükəsizliyi sahələrində əməkdaşlığı əhatə edəcək.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov başçılıq edir.

Amerika tərəfdən isə dialoqu dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Andrew Shapiro aparır.

Sonuncu dəfə heyətlər ötən ilin İyun ayında Bakıda görüşmüşdülər.

“Həssas” əməkdaşlıq

Hələ ötən ilə qədər Vaşinqton-Bakı təmaslarında az qala “dominantlığı” ələ almış təhlükəsizlik dialoqlarına bir çox təhlilçilər skeptik yanaşırdılar.

Bu cür düşünənlərin təbirincə, keçmişdə, məsələn, iki ölkənin siyasi mövzulara fərqli yanaşmaları yalnız nadir hallarda təhlükəsizlik əməkdaşlığına sirayət edirdi.

Ancaq son illərdə, xüsusilə Bakının Əfqanıstan kampaniyasında əhəmiyyətinin artdığı bir dönəmdə Azərbaycan rəsmiləri xüsusilə regional siyasət və insan haqları kimi məsələlərdə Vaşinqtonun tənqidlərinə dözümsüzlüklərini bir sıra hallarda hərbi-təhlükəsizlik anlaşmalarını şübhə altına almaqla ifadə edirlər.

Hətta ötən il prezident Barack Obamanın Azərbaycana səfir təyin etdiyi Matthew Bryzanın ölkə rəhbərliyi ilə isti təmasları Bakının ABŞ-la “Regional Cavab” adlı ikitərəfli təlimlərini ardı-ardına ikinci dəfə təxirə salmasının qarşısını ala bilməmişdi - bununla Azərbaycan rəsmiləri insan haqları sahəsində o vaxt Vaşinqtondan gələn tənqidlərə etirazlarını bildirirdilər.

Digər qrup təhlilçilər - məsələləri şişirtməyin tərəfdarı olmayanlar isə diqqəti ona yönəldirlər ki, ötən ilki anlaşılmazlıq qısa müddətdə aradan qalxdı və Bakı əvvəlcə Avqust ayında Rumıniyada Qara Dəniz ölkələrinin birgə təlimlərinə, ardınca isə payızda Texasın San Antonio şəhərində hərbi treyninqə qatıldı.

Andrew Shapiro

2008-ci ildən bu yana təhlükəsizlik müzakirələri ABŞ-la Azərbaycan arasında yeganə dialoq xəttini təşkil edirdi. Bu ilin əvvəlində isə Obama Administrasiyası Azəbaycanla hökumətlərarası ikitərəfli itqisadi Əməkdaşlıq Kommissiyasının işinin 4 ildən sonra bərpasına nail ola bildi.

Azərbaycan üzərindən uçuşlar

Azərbaycanın Əfqanıstan məsələsində Vaşinqton üçün əhəmiyyətini ABŞ rəsmiləri demək olar hər fürsətlərində vurğulayırlar.

Dövlət katibinin müavini William Burns ötən ilin oktyabrında Bakıya səfəri zamanı terrorismlə mübarizədə beynəxalq əməkdaşlığın “növbəti mərhələsinə” diqqət çəkmişdi.

Ölkə Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (ISAF) çərçivəsində hələ 2002-ci ildən Əfqanıstandakı əməliyyatlarda təmsil olunur və bu ilin əvvəlindək qüvvələrinin sayını tədricən artıraraq, 94-ə çatdırıb.

Vaşinqtonda mənzillənən Konqresin Araşdırmalar Mərkəzinin Qafqaz üzrə eksprti Jim Nichol diqqəti ona yönəldir ki, yazda Brüsselə səfəri zamanı Prezident Əliyev Əfqanıstanda yerli təhlükəsizlik quüvvələrinin formalaşması üçün bu ölkəyə yardıma söz verib.

“Azərbaycan həmçinin ABŞ və koalisya qüvvələrinin Əfqanıstana yetişməsində uzun illər önəmli tranzit olub. Sabiq səfir Matthew Bryza çıxışlarından birində son illərdə Əfqanıstana göndərilən 100 min ABŞ əsgərindən demək olar hər birini Azərbaycan üzərindən uçduğunu dilə gətirmişdi”, yada salır ekspert.

Bu yaxınlarda cənab Nickol ABŞ-ın Cənubi Qafqazda maraqlarına dair Konqresə məxsusi hesabat təqdim edib. Sənədə əsasən, Azərbaycan” marşrutu” ABŞ-ın Əfqanıstana giriş-çıxışı üçün “ən azı Mərkəzi Asiya və Rusiya qapıları qədər əhəmiyyətlidir” və Vaşinqton regionun tərkindən sonra da bu “qapının” qorunmasında maraqlıdır.

ABŞ Ordusu Hərbi Kollecinin Yaxın Şərq problemləri bölməsinin keçmiş direktoru, hazırda Chapman Universitetinin Qlobal Tədqiqatlar bölməsinin direktoru vəzifəsini tutan James Coyle isə hesab edir ki, Vaşinqton üçün Azərbaycanda “bir nömrəli məsələ” bu ölkənin Əfqanıstan əməliyyatlarına dəstəyinin davamına əmin olmaqdır.

“Aydındır ki, hərbi-təhlükəsizlik sahəsində ikiərəfli əməkdaşlıq 5-10 il əvvəllə baxanda, indi daha güclüdür və bu tendensiya günclənməkdə davam edir”, deyib təhlilçi BBC-Azərbaycancaya müsahibəsində.

Araz Əzimov

Onun fikrincə, terrorizmə qarşı beynəlxalq mübarizə ilə yanaşı, regional əməkdaşlıq, İran və Qarabağ mövzusu da təhlükəsizlik dialoqlarının ana xəttini təşkil edir.

Terrorism

Terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın da əhəmiyyətini vurğulayan cənab Nickol isə diqqəti bu ilin Aprel-May aylarında Azərbaycanın təhlükəsizlik qüvvələrinin ölkənin Şimal hissəsində terrorçulara qarşı həyata keçirdiyi səs-küylü əməliyyata yönəldir.

Yaxalanan qrup xüsusilə Eurovizion festivalı ərəfəsində, ölkə ərazisində Qərb səfirlikləri, sinaqoqlar, polis, müdafiə və təhlükəsizlik xidmətlərinin binaları və hotelləri zədələməyi planlaşdırırdı.

“Azərbaycanlılardan ibarət bəzi qrup üzvlərinin Pakistanda əl-Qaidəyə bağlı Özbəkistan İslam Hərəkatının bazasında təlim keçdiyi və taliblərlə birlikdə koalisiya qüvvələrinə qarşı döüşdüyü də məhz bu əməliyyat zamanı üzə çıxdı. Başqa bir təlim isə İran və Suriyada əl-Qaidə qrupu tərəfindən təşkil olunmuşdu”, o xatırladır.

Qarabağ, İran və digər məsələlər

Vaşinqton görüşündə son aylar Azərbaycanla İran arasında artan gərginliyin də müzakirəsi gözlənilir.

Cənab Nickola görə, əslində Tehranın regionda maraqları Qərbin oradan sıxışdırılmasına yönəlib, belə ki, nüvə silahı ətrafında gərginliyin artdığı son aylarda Tehranın regional diplomatiyası xüsusilə aktivləşib hərçənd, bir çoxlarına görə, Azərbaycanla olan etnik və dini bağlarından İran özü qonşuluğunda gərginlik yaratmaq üçün istifadə edir.

Vaşinqtonda əldə olunacaq razılaşmalar gələcəkdə iki ölkə arasında yüksək səviyyəli təmasların sütununu təşkil edəcək.

Nümayəndə heyətləri həmçinin qaşıdakı bir il ərzində həbi-təhlükəsizlik əməkdaşlığının iş planını tərtib edəcəklər.