Azərbaycana raket satmaq "istəyən" britaniyalı məhkum olunub

London
Çap edildi

London məhkəməsi Azərbaycana satmaq məqsədilə Şimali Koreyadan “yer-göy” tipli raket almaq cəhdində suçlanan Michael Rangerə 3.5 il iş kəsib.

Məhkəmə hökmü cümə günü elan olunub.

Rangeri təcrübəli beynəlxalq silah alverçisi kimi təqdim edən prokurorluq Azərbaycana qarşı tətbiq edilən silah embarqosunu yarmaq cəhdinin “təhükəli” olduğunu bildirib.

"Təhlükəli əlaqələr"

“Rangerin Azərbaycanla əlaqələri yalnız qanunsuz deyil, potensial baxımdan çox təhlükəli olub”, Britaniya prokurorluğunun açıqlamasında bildirilir.

Prokurorluq bildirir ki, embarqoya baxmayaraq, "ciblərini doldurmaq" istəyənlər məsuliyyətə cəlb oluna biləcəklərindən xəbərdar olmalıdırlar.

Ranger koreyalı təchizatçıları ilə apardığı elektron yazışmalarında silah sazişlərini müzakirə edərkən Azərbaycanın hökumət nümayəndələri tərəfindən qəbul olunduğunu bildirir.

"Şəxsi" limuzin

Məhkəməyə təqdim olunmuş emaillərin birində silah alverçisi Bakıda ona şəxsi limuzinin ayrıldığı ilə lövğalanıb.

Prokurorluq bildirir ki, Ranger embarqonu yan keçməklə əldə daşınan "yer-göy" raketlərilə yanaşı ABŞ-dan Beretta tapançalarını gətirmək niyyətində olub.

Azərbaycan məsələyə münasibət bildirməyib.