Qarabağdakı seçkilərlə bağlı beynəlxalq tənqid

Şəklin mənbəyi, AFP
Avropa İttifaqı və NATO tanınmamış DQR-də keçən seçkilərin tanınmadığını bildirib.
APA agentliyinə müsahibəsində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay seçkilərin nizamlanma prosesinə maneçilik törətdiyini bildirib:
“Belə seçkilərin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ilə ziddiyyət təşkil edir”.
"Huquqi" çərçivə
Seçkilərdən əvvəl Avropa İttifaqı DQR-dəki səsvermənin “hüquqi” çərçivədən kənar olduğunu bildirib.
"İyulun 19-da Dağlıq Qarabağda “prezident seçkiləri” keçirilir. Xatırlatmaq istərdim ki, Avropa İttifaqı onların keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır. Bu “seçkilər” münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlarda Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyən etməməlidir", - Turan agentliyi Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Catherine Ashtonun bəyanatından iqtibas gətirir.
Azərbaycanın Xarici İşlər Nazirliyi seçkiləri izləməyə gedənlərin Azərbaycanda arzuolunmaz şəxslər sırasında olacağı barədə xəbərdarlıq edib.




















