ABŞ İran neftini idxal edən 7 ölkəni sanksiayaların təsirindən azad edib

ABŞ İran neftini idxal edən 7 ölkəni sanksiayaların təsirindən azad edib
Çap edildi

ABŞ 7 ölkəni İrandan neft idxalını azaltdıqlarına görə, iqtisadi sanksiyaların təsirindən azad edib.

ABŞ-ın dövlət katibi Hillari Klintonun təbirincə bu cür güzəştə Hindistan, Cənubi Koreya, Malayziya, Cənubi Afrika, Şri Lanka, Tayvan və Türkiyə layiq görürlürər.

Dekabr ayında imzalanmış ABŞ qanununa görə, bu ilin iyun ayının 28-dək İrandan neft idxal edən ölkələr həmin idxalın həcmini nəzərəçarpan dərəcədə azaltmalıdırlar, əks halda həminölkələr ABŞ maliyyə sistemindən məhrum ediləcəklər.

Bu qanunun məqsədi Tehranı uranın zənginləşdirilməsi proqramını dayandırmağa məcbur etməkdən ibarətdir.

Vaşinqton və onun müttəfiqləri hesab edirlər ki, Tehran gizlincə nüvə silahı yaratmaq istəyir, lakin Tehran bu iddiaları qəti şəkildə rədd edir.

Xanım Klintonun təbirincə, sanksiyalardan bir qrup ölkənin azad edilməsi barədə son qərar sanksiya siyasətinin nəticə verdiyini sübut edir.

"İran nefti satışının azaldılması yolu ilə biz İran rəhbərliyinə bildiriş göndəririk: Onlar beynəlxalq birliyin narahatlığının aradan qaldırılması üçün konkret addımlar atmayana qədər getdikcə güclənən təcrid və təzyiqlə qarşılaşacaqlar", Dövlət Katibi bəyanatında bildirib.

Çinə təzyiq

Mart ayında ABŞ Yaponiya və Avropa Birliyinin 10 ölkəsini İran neftinin idxalını azaltdıqlarına görə, sanksiyaların təsirindən azad etmişdir.

Müxbirlərin sözlərinə görə, son qərar, İran neftinin ən iri müştərisi olan Çinə, irandan neft idxalının azaldılması üçün təzyiqi gücləndirir.

ABŞ rəsmilərinə görə, Vaşinqton bu mövzuya dair Çin ilə danışıqları davam etdirir.

ABŞ deyir ki, İran neftinin ixracı gündə təxminən 2.5 mln barreldən ötən ay 1.2-1.8 mln barrel səviyyəsinədək azalıb.

Ötən həftə BMT Nüvə Agentliyi bildirib ki, İranın nüvə obyektlərinə daha geniş çıxış əldə etmək məqsədilə Vyanada keçirilmiş danışıqlarda irəliləyiş əldə olunmayıb.

İran ilə dünyanın aparıcı 6 dövləti arasında keçirilən nüvə danışıqların növbəti raundu gələn həftə Moskvada baş tutmalıdır.

Rəsmi Tehran İranın nüvə proqramının dinc məramlı olduğunda təkid edir.