IP-in "Xalq gəzintisi"ndə saxlanılanlar olub

Baku
Çap edildi

İctimai Palatanın şənbə günü axşam saat 18:00-a təyin etdiyi “xalq gəzinti”sini başlamadan Sahil metro stansiyasının yaxınlığında 5 nəfər müxalifətçi tutulub. Onların içərisində Müsavat başqanının müavini Tofiq Yaqublu və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov olub.

BBC Azərbaycancanın müxbiri aksiyanın zamanında başladığını müşahidə edib: “Bir qrup gənc Milli Parkda saat qülləsinin yaxınığında “Azadlıq”, “İstefa” şüarları səsləndirərək yürüşə cəhd ediblər. Aksiyaya dərhal mülki geyimli şəxslər və polislər tərəfindən müdaxilə oldu. 6 nəfər gənc, içərisində AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı olmaqla həbs edilərək polis maşınlarına yerləşdirildi və ərazidən uzaqlaşdırıldı”.

Müxbirin bildiri ki, bundan sonra AXCP sədrinin müavini Gözəl Bayramlı, partiya üzvləri olan daha iki xanım zorla polis maşınlarına mindirilərək ərazidən uzaqlaşdırılıblar. Bu zaman isə tutulanlar Səbayıl Rayon Baş Polis İdarəsinə aparılmaq üçün polis maşınlarına mindiriliblər. Onlar “Azadlıq”, “İstefa” şüarları səsləndiriblər”.

BBC Azərbaycancanın müxbiri Müsavat Partiyasının Sumqayıt təşkilatının üzvü olduğu ehtimal edilən bir gəncin üzü tutularaq zorla bir neçə mülki geyimli şəxslər tərəfindən polis maşınına mindirildiyini müşahidə edib: “Saxlanılarlar arasında “Azadlıq” qəzetinin fotoqrafı İslam Şıxəliyev və Elçin adlı blogger də var. Onlar vəzifə borclarını yerinə yetirərkən “üzərlərində vəsiqə olmadığından” saxlanılıblar”.

Qeyd edək ki, aksiya zamanı Milli Parkı mühafizə edən xeyli sayda mülki geyimli şəxslər polisə “kömək edirdi”. Aksiya keçirilən əraziyə 5-ə yaxın avtobus gətirilmişdi, bir neçə polis maşını gətirilmişdi.

Polis tərəfindən saxlanılan şəxslərin sayının 30-dan olduğu bildirilir. Saxlanılanları bir qayda olaraq ağızlarından tutub polis maşınına basırdılar.

Xatırladaq ki, İctimai Palata bu gün saat 18:00-dan 19:00-dək “xalq gəzintisi” tyin etmişdi. Gəzintidə müxalifət liderlərinin iştirak edəcəyi açıqlansa da, sonradan Koordinasiya Şurasının bu qərarı dünən dəyişdiyi məlum olub. Onu da qeyd edək ki, aksiya zamanı heç bir şüarın səsləndirilməyəcəyi də deyilmişdi.