"İran Azərbaycandan üzr istəməlidir"

Elman Abdullayev
Çap edildi

"İran Azərbaycandan üzr istəməlidir. Çünki Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında Azərbaycan dövləti və rəhbərliyi təhqir olunub" - Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev BBC Azərbaycan xidmətinə müsahibəsində deyib.

"Biz bu cür şüarların cavabını verəcəyimizi bildirmişdik və bundan sonra da hər hansı şüarı cavabsız qoymayacağıq" - İran Xarici işlər naziri Əli Əkbər Salehinin rəsmi Tehranın Azərbaycan hökumətindən reaksiya gözləməsinə dair bəyanatını şərh edərkən Azərbaycan rəsimisi deyib.

"Azərbaycan zəif ölkə deyil, Azərbaycanla heç kəs belə ultimativ dildə danışmamalıdır" - cənab Abdullayev bəyan edib.

Çərşənbə günü keçirdiyi mətbuat konfransında cənab Salehi deyib ki, İranın Bakıdakı səfirliyinin binası qarşısında "xoşagəlməz və yanlış hərəkətlər" baş verib: “Ümid edirik ki, Azərbaycan hökuməti İranın Bakıdakı səfirliyinin binası qarşısında baş verən yanlış hərəkəti qınayacaq və bu cür hərəkətlərin təkrarlanmasına icazə verməyəcək”.

"İrandakı müvafiq dairələr hər həftə nə istəyirlər deyə bilərlər? Onlar münasibətlərimizə uyğun olmayan hərəkətlər edərək Azərbaycan dövlətçiliyinə qarşı şüarlar səsləndirirlər" - Elman Abdullayev BBC Azərbaycancaya deyib.

"Bakıdakı İran səfirliyi qarşısında keçirilmiş aksiyanı Azərbaycan hakimiyyətinin təşkil etməsinə dair iddiaları qəbul edirsinizmi" sualına birbaşa cavab verməkdən yayınan rəsmi, "İran Azərbaycana qarşı səsləndirilən şüarlara görə üzr istəmələdir. Azərbaycan hökuməti təhqir olunmasına yol verməyəcək" deyə bəyan edib.

İran İslam Respublikası və Azərbaycan arasında münasibətlər şənbə günü keçiriləcək Eurovision mahnı müsabiqəsi öncəsi gərginləşib. İranda son həftələr ərzində keçirilən nümayişlərdə Azərbaycanın Eurovision 2012 müsabiqəsinə ev sahibliyi etməsinə və mümkün gey paradın keçirilməsinə etiraz olunub.

İranın Azərbaycandakı səfirliyi mayın 11-də gənclərin Bakıda keçirdiyi<link type="page"><caption> aksiyada </caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2012/05/120512_azeri_iran.shtml" platform="highweb"/></link>Ali Dini lider Ayətulla Xamneyinin təhqir olunduğunu <link type="page"><caption> bəyan edib.</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/05/120517_iran_embassy_statement.shtml" platform="highweb"/></link>

Bu həftə İran Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

"Əlbəttə, biz İran səfirliyi qarşısındakı piketlərdəki çağırışların əksəriyyətini dəstəkləmirik. Eləcə də onlara müvafiq münasibət bildirəcəyik, əgər orda İran ruhaniyyətinin, dini rəhbərlərinin ünvanına nalayiq sözlər səsləndirilibsə, onlara müvafiq cavablar veriləcək. Amma eyni addımı biz İran tərəfdən də gözləyirik" - Azərbaycan Prezidentinin sözçüsü Əli Həsənov cənab Salehinin bəyanatını Trend agentliyinə şərh edərkən deyib.

O, İran rəsminin bəyanatında "təhdidlərin" olmasından təəssüfləndiyini bildirib.

Mayın əvvəllərində, Azərbaycan hökumətinin "islam əleyhinə hərəkətlərini pisləmək üçün" Təbrizdə Azərbaycan konsulluğu qarşısında nümayiş keçirilib.

Azərbaycan və İran arasında münasibətlər son il ərzində Azərbaycanda islamçıların həbs olunması və İranda Azərbaycan əleyhinə şüarlar səsləndikdən sonra pisləşib.