Ermənistan sakininə “Erməni terroru” adlı kitabı satdığına görə 4 il həbs cəzası kəsilib

Spartak Hakobcyan kitabları Tbilisidə Azərbaycan səfirliyi yanından alıb.
Çap edildi

Ermənistanda Azərbaycanda çap olunmuş kitab satdığına görə Spartak Hakobcyan 4 il müddətinə azadlıqdan məhrum edilib.

Yerevan şəhəri Mərkəz və Nork-Maraş icmaları ümumi yurisdiksiya məhkəməsi cümə günü Spartak Hakobcyanın 4 il müddətinə həbsə məhkum edilməsi haqqında qərar çıxarıb.

İttihamnaməyə əsasən, Spartak Hakobcyan Tbilisidə Azərbaycan səfirliyi yanından “Azərbaycanda çap olunmuş ermənilər əleyhinə azərbaycan təşviqat nümunəsi” olan “Erməni terroru” kitablarını alıb və aprel ayında Yerevanın “Vernisaj” adlanan bazarında kitabın 10 nüsxəsini satıb.

Kitabda “Artsax (Dağlıq Qarabağ) əhalisinin özünün müdafiəsi üzrə həyata keçirdiyi əməliyyatların müəyyən epizodları “erməni cinayətkar dəstələri“ tərəfindən “dinc Azərbaycan əhalisi”nə qarşı terror kimi təsvir edildiyi qeyd olunur, xəbər verir “Armtoday.am”.

Spartak Hakobcyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2-ci bəndi üzrə ittiham olunur (milli ədavət oyadan təşviqat və təbliğat).

Maddəyə əsasən, 3,5 il həbs cəza tədbiri nəzərdə tutulur, lakin birinci instansiya məhkəməsi qanun üzrə nəzərdə tutulduğundan daha sərt hökm çıxarıb.

Müttəhimin vəkili apellyasiya məhkəməsinə müraciət ediləcəyini bildirir.