Azərbaycan XİN: "Görüş əsgərin öldürülməsi ilə yadda qaldı"

Şəklin mənbəyi, Ermənistan XIN
ABŞ-ın New York şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündə "sadəcə fikir mübadiləsi aparılıb".
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, nazirlər Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan-ın görüşündə "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı".
Nazirlik bəyan edib ki, "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün" nazirlərin iki ölkənin New Yorkda baş tutmuş görüşü təmas xəttində "Azərbaycanlı hərbi qulluqçunun öldürülməsi ilə yadda qalıb".
"Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq", Azərbaycan XİN öz məlumatında vurğulayıb. Ermənistan tərəfi hadisəni "təxribat kimi" qiymətləndirib.
"Ermənistan vətəndaşlarının vətənə qaytarılması təmin edilsin"
Nazirlərin görüşündə Ermənistan tərəfi ardıcıl surətdə atəşkəs rejiminin möhkəmləndirilməsi və gərginliyin çözülməsi istiqamətində, müvafiq mexanizmlərin tətbiq edilməsi daxil, səylərin vacibliyindən danışıb.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, görüşdə daha əvvəl əldə edilmiş razılaşmalar sayəsində etimad ab-havasının formalaşdırılması istiqamətində addımların zəruriliyi qeyd edilib.
Ermənistan tərəfi, o cümlədən Azərbaycan ərazisində saxlanılan Ermənistan vətəndaşlarının vətənə qaytarılmasın təmin etməyin zəruriliyini bildirib, məlumatda deyilir.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri- Rusiyadan səfir İqor Popov, Fransadan səfir Stephane Visconti və ABŞ-dan səfir Andrew Schofer, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Andrzej Kasprzyk də iştirak edib.
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan bu ilin iyun ayında Washington-da görüş keçiriblər.
Üç saatdan artıq çəkən görüşdə hər hansı ciddi razılaşma əldə edilməyib. Yalnız Mnatsakanyan və Məmmədyarov tərəfləri "sülhə kömək edən atmosferin yaranması üçün addımlar atmağa" səsləyiblər.
Bu ilin dekabrında Azərbaycan və Ermənistan Xİ nazirlərinin Parisdə keçirilən görüşündən sonra hər iki tərəf "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını" bəyan etmiş, "ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə" razılığa gəlmişdilər.
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin Azərbaycandan ayrılmaq istəməsi Qarabağ münaqişəsinə yol açmış, tərəflər arasında silahlı döyüşlər başlamışdı. Nəticədə Azərbaycan ərazisinin 20 faizini itirib, bir milyondan çox qaçqın və köçkünlə üzləşib.
1994-cü ildə tərəflər arasında atəşkəs imzalanıb. Münsaqişənin sülh yolu ilə ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.






























