Afon dağı qadınlara niyə yasaq edilib?

Şəklin mənbəyi, AFP
- Müəllif, Andy Walker
- Vəzifə, BBC
- Çap edildi
Rusiya prezidenti Vladimir Putin rus rahiblərinin burada olmasının min illiyini qeyd etmək üçün Yunanıstandakı Afon dağına baş çəkir. Bu dağa, daha doğrusu 335 kvadrat kilometrlik sahəsi olan yarımadaya nəinki qadınlar, hətta dişi heyvanlar da buraxılmır.
Əgər Afon dağına getmək istəyirsinizsə, əvvəlcə pasportunuzun surətini Afondakı zəvvarlar bürosuna göndərməlisiniz. Hər gün 100 pravoslav və 10 qeyri-pravoslav kişi zəvvar Afondakı 20 monastrdan birində üç gün yaşamaq üçün buraya gəlir. Bura gəlmək qadınlara qadağan edilib. Kişilərsə bura yaxınlıqdakı iki yunan limanından bərə ilə gəlirlər.
Bu yerləri qadınlar üçün min il bundan əvvəl qadağan ediblər. Onlar yarımadanın yarım kilometrliyindən bu yana keçə bilməzlər.
“Afon dağı: Cənnətdə dirçəlmə” (Mount Athos: Renewal in Paradise) kitabının müəllifi Graham Speake deyir ki, bu dağın 972-ci ildə Bizans imperatoru İoann Tsimisxi tərəfindən tərtib edilmiş nizamnaməsində dişi heyvanların bura gətirilməsi qadağan edilir, amma qadın adı çəkilmir. Alimin sözlərinə görə, o vaxtlar qadınların kişi monastrına gəlməsi onsuz da qadağan idi.
Speake bunu da deyir ki, belə bir qadağan “nikahsızlıq öhdəliyinin” qorunması üçün ən yaxşı vasitə idi. Amma qadağanın pravoslavlıqla bağlı başqa əsasları da var.

Şəklin mənbəyi, GETTY IMAGES
"Bir rəvayətə görə göyərtəsində müqəddəs Məryəm olan gəmi Kiprə gedərkən tufana düşüb və dalğalar onu Afon sahilinə gətirib. Bu yer Məryəmin o qədər xoşuna gəlib ki, oğlundan bu torpağın ona verilməsini xahiş edib və oğlu bu ricanı yerinə yetirib” – deyir Speake.
“Müqəddəs ananın bağçası”
Onun sözlərinə görə, bu səbəbdən Afona indiyədək “müqəddəs ananın bağçası” deyirlər və bu dağda öz həmcinslərini yalnız o təmsil edir.
Lakin hər bir qaydadan istisna olur.
Afonda dişi pişiklər yaşayır.
“Orda çoxlu pişik var. Bəlkə də belə yaxşıdır. Axı onlar siçanları tuturlar. Rahiblər isə sanki yarımadada pişiklərin olduğunu unudublar” – deyir Speake.
Qanunda Afon dağına süd və süd məhsullarının, yumurtanın gətirilməsi qadağan olunur.
Qadağalar
"Rahiblər demək olar ki, ağartı yemirlər. Bir az pendir, bəlkə... Onu da salatda xoşlayırlar” – deyir Speake.
"Pasxa bayramında rahiblər toyuq yumurtası yeyirlər. Onlar yumurtaları qırmızıya boyayırlar. Amma yumurtanı kənardan gətirmək lazım gəlir, çünki burda toyuqların olması da qadağandır” – deyir alim.
Bir də vəhşi heyvanlar üçün istisna var, axı onlara nəzarət qeyri-mümkündür.
Oğlan uşaqlarına aid qaydalar da ayrıca təsbit edilib. Afon dağına gəlmək icazəsi üçün saqqal uzatmaq lazımdır.
Speake deyir ki, Bizans zəmanəsində də bura oğlan uşaqlarının və xədimlərin gəlməsi qadağan idi. Belədə kişi paltarı geyinmiş qadınları da aşkar etmək asan olur.
"Amma indi oğlanlar Afona çox gəlirlər, lakin onların yanında böyüklərdən kimsə, adətən ataları olur” – deyir Speake.

Şəklin mənbəyi, Getty
Bununla belə, qadınlar keçmişlərdə Afonu ziyarət edə biliblər.
Yunanıstanda 1946-1949-cu illərdə baş vermiş vətəndaş müharibəsi zamanı Afon dağındakı rahiblər qonşu kəndlərin qoyun sürülərinə və başqa mal-qarasına sığınaq vermişdilər. Odur ki, kənd sakinləri qoyun-quzu axtaranda, onların arasında bu yerlərə qadınlar da gəlib çıxırdılar.
1953-cü ildə Mariya Poimenida adlı qadın kişi paltarı geyinərək Afon dağında üç gecə qala bilib. Bundan sonra Yunanıstan hökuməti Afon dağına qadınların gəlməsini qadağan edən qanun çıxarıb. Bu qanunu pozanları bir il müddətinə həbsxana cəzası gözləyə bilər.
2008-ci ildə polis Afona Moldovadan 4 qadın gətirən ukraynalı insan qaçaqmalçılarını saxlayıb. Lakin rahiblər tərəfindən əvf edilmiş polislər bir qədər keçmiş buraxılıb.
Putinin ikinci ziyarəti
Bu, Putinin Müqəddəs Panteleymon monastrına ikinci ziyarətidir.
O Afon dağında ilk dəfə 2005-ci ildə olub.
Speake deyir ki, hazırda hər il Afonu ziyarət edən 40 min zəvvarın yarısı Rusiyadandır.
Müqəddəs Panteleymon monastırında 500 zəvvar üçün yer var.
























