Bakıda yaşayış binasında partlayış: Bir nəfər xəsarət alıb

Partlayış baş verən bina
Şəklin alt yazısı, Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir
Çap edildi

Bakının Nəsimi rayonunda çoxmərtəbəli binada baş vermiş partlayış və yanğın nəticəsində bir nəfər xəsarət alıb.

"Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır", - Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir.

Birinci-üçüncü mərtəbələri qeyri-yaşayış sahəsi olan binanın zirzəmisində yanğınla nəticələnən partlayış səhər saatlarında baş verib.

Partlayış
Şəklin alt yazısı, Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir

Nəticədə birinci mərtəbədə yerləşən dəftərxana ləvazimatları mağazasına ciddi zərər dəyib, yaxınlıqdakı bəzi binaların pəncərə şüşələri qismən sınıb.

"Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanmışdır. Bina yanğından mühafizə olunmuşdur", - FHN bildirir.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

"Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir", - "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev APA agentliyinə bildirib.

Turan agentliyinə əsasən sakinlərin bir qismi müvəqqəti olaraq binanı tərk edib.

Hadisə ilə bağlı araşdırma aparılır.